Əlaqə Arxiv
news Image
2013.08.16
14:55
| A A A
Bu il prezidentin oğlu da ali məktəbə qəbul imtahanı verib

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev II ixtisas qrupu üzrə qəbul imtahanı verib. Bu barədə "Yeni Müsavat"a daxil olan xəbərdə qeyd olunur ki, avqustun 3-də keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanında Heydər Əliyev iştirak edib. Xəbərdə vurğulanır ki, prezidentin övladı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında imtahan verib. 


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə "Yeni Müsavat"a açıqlamasında xəbəri təsdiqləyib. O, əlavə şərh vermək istəməyib. E.Nağızadə prezidentin oğlunun harada imtahan verdiyini, imtahanın nəticələri barədə danışmayıb. Ancaq xəbərin doğru olduğunu təsdiqləyib.


Prezidentin oğlu 1997-ci ildə anadan olub. Görünür orta məktəbə 6 yaşında gedib. Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alan prezidentin oğlu daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib. Bir neçə il əvvəl kiçik Əliyevə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto öz açıqlamalarında prezidentin oğlunu tərifləmişdi. 


"Mənə demişdilər ki, prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə prezident oğlu olduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənim üçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, prezident oğlu olduğunu əsla hiss etdirmirdi"- deyən Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulamışdı.


Bildirək ki, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Ən yüksək nəticə - 690 bal olub. Prezidentin oğlunun isə neçə bal topladığı haqda məlumat yoxdur.


Qeyd edək ki, ixtisas seçimi başa çatıb. Avqustun 18-dək TQDK nəticələri açıqlayacaq.

Sizin Reklam Yeriniz