Əlaqə Arxiv
news Image
2013.08.16
15:30
| A A A
Avtomobil dayanacaqlarının qiymətindən narazılıq artır
Natiq Ələkbərov: «Müəyyən müddətdən sonra avtomobillərinin təhlükəsizliyi üçün sürücülər məhz həmin dayanacaqları seçməli olacaqlar» Nüsrət İbrahimov: "Yeraltı dayanacaqlar çox bahadır, bu da sürücülərə sərf etmir"

Paytaxda gün-gündən avtomobillərin sayının artması dayanacaq məsələsini də aktuallaşdırır. Hal-hazırda şəhərdə avtomobillərin park edilməsi üçün inşa olunan vtomobil dayanacaqlarının sayı artır.Lakin bu gün müxtəlif və yüksək keyfiyyətə malik yeraltı dayanacaqlar tikilsə də, onların yarısı demək olar boş qalır. Mövqe.az məsələ ilə bağlı araşdırma aparıb, yeraltı dayanacaqların boş qalma səbələrini öyrəndi.

Nəqliyyat üzrə ekspert Natiq Ələkbərov yeraltı dayanacaqların boş qalması səbəbini ən əsas qiymət bahalığı ilə əlaqələndirir: "Bu gün yeraltı dayanacaqlar tikilir, düzəldilir. Amma bu cür dayanacaqların boş qalması narahatverici haldır. Düşünürəm ki, həlledici məsələ qiymət bahalığıdır. Dayanma müddəti üçün təyin olunan qiymətlər sürücülərin cibinə uyğun olmur. Digər bir səbəb isə odur ki, sürücülər onlara yaxın və rahat məkanda avtomobillərini saxlamağa çalışırlar. Əsas odur ki, yeraltı dayanacaqlar tikilsin. Bu proses davam edir və sürücülər də müəyyən müddətdən sonra avtomobillərinin təhlükəsizliyi üçün məhz həmin dayanacaqları seçməli olacaqlar. Sadəcə onlarda bu mədəniyyət formalaşmasına hələ ki uyğunlaşma gedir. Eyni zamanda dayanacaq sahibləri də öz növbələrində qiymətləri sürücülərin imkanına uyğun olaraq tənzimləməlidirlər. Çox bahaçılıq elə o tip dayanacaqların boş qalmasına səbəb olur və olacaq".

M.B.A LTD şirkətinin rəhbəri, iqtisadçı-ekspert Nüsrət İbrahimov Mövqe.az-a açıqlamasında ən birinci səbəb kimi yeraltı dayanacaqların qiymət problemini qeyd edib: "Birinci səbəb odur ki, yeraltı dayanacaqlar çox bahadır. Bu da sürücülərə sərf etmir. Çünki o cür qiymətlər sürücülərin real gəlirlərinə uyğun deyil. İkinci səbəb isə həmin dayanacaqlar şəhərin bütün əsas ərazilərini əhatə edə bilmir. Müəyyən lokal ərazini əhatə etdiyinə görə və həm də o ərazidə olan avtomobillərin sayı yeraltı dayanacağın tutumundan az olduğundan yeraltı dayanacaqlar boş qalır. Digər səbəb isə bizdə o mədəniyyətin sürücülər arasında hələ də formalaşa bilməməsidir. Biz hələ ayrılmış yeraltı və ya yerüstü avtomobil dayanacaqlarından istifadə qaydalarını mənimsəməmişik. Bu, ümumi cəmiyyətdəki bəladır".

Bazarı araşdıran ekspert N. İbrahimov yeraltı dayanacaqlarda qiymətlərin minimum 50 qəpikdən başlandığını bildirib: " Qiymətlər minumum 1 saatı 50 qəpikdən başlayır. 50 qəpik və 1 manat arasında dəyişir. Aylıq abunə isə yeraltı dayanacaqlardan aslı olaraq 100-200 AZN arası dəyişir. Hər yerdə saatından asılı olaraq fərqli qiymətlərdir".

Bu səbəbdən bəzən maşınlar dar olan küçə boyunca düzülməklə, başqa avtomobillərin hərəkətinə maneçilik törədir, həm də ümumi mənzərəni korlayırlar. Özü də bu maşınların hər biri istənilən an evakuatorla aparıla bilər. Bakı şəhərində tıxacların aradan qaldırılması məqsədilə gün ərzində 50-100 arası maşın evakuator vasitəsi ilə cərimə meydançasına aparılır. Onlar icazə verilməyən yerlərdə dayanma qanunlarını pozan sürücülərdir. Nəqliyyat vasitəsinin aparılması üçün 20 manat təxliyyə haqqı evakuasiya xidmətinə ödənilir, dayanma və durma qaydalarını pozduğuna görə də əlavə 15 manatdan 20 manata qədər cərimə ödənilir. Dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq, avtomobillərin qadağan olunan yerlərdə saxlanılması halları hələ də mövcuddur.

Qeyd edək ki, avtomobil dayanacağı probleminin həllinin sivil yolu iri parkinqlərlə yanaşı, kiçik dayanacaqların da yaradılmasıdır. Ancaq bu zaman qiymətlər də müvafiq olmalıdır.


Sizin Reklam Yeriniz