Azərbaycanda dəhşətli qəza
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 95-ci km-də baş vermiş
avtoqəzada Şəki sakini Salahov Zabit Paşa oğlunun idarə etdiyi
"Hyunday" markalı avtomobillə, Biləsuvar rayon sakini Seyfullayev
Əlibəy Nəci oğlunun idarə etdiyi yanacaqdaşıyan maşın toqquşub.
Nəticədə "Hyunday" markalı avtomobilin sürücüsü və onun həyat
yoldaşı ilə nəvəsi hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün
qızı isə ağır bədən xəsarətləri ilə əvvəlcə Oğuz Mərkəzi Rayon
Xəstəxanasına çatdırılıb. Burada ilk yardım aldıqdan sonra yaşadığı
Şəkinin Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Qəza zamanı
"Hyunday" markalı maşın deformasiyaya uğradıqdan sonra, sürücü və
ölən sərnişinlər avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Onların
cəsədlərini hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin
xilasetmə qüvvələri yarım saatlıq xilasetmə əməliyyatından sonra
çıxara biliblər. Qəzanın ilkin səbəbi kimi "Hyunday" markalı
avtomobilin sürücüsünün düzgün sürət həddi seçməməsi və manevretmə
qaydasını pozması ehtimal edilsə də, ürək xəstəsi olan sürücünün
ani ürəktutmasının baş verməsi versiyası da nəzərdən keçirilir.
Həkimlər hazırda Şəki xəstəxanasında müalicə alan Günay Salahovanın
həyatına təhlükə olmadığını bildirirlər. Faktla əlaqədar BDYP-nin
İstintaq Bölməsi tərəfindən araşdırmalar aparılır.