Əlaqə Arxiv
news Image
2013.08.21
12:51
| A A A
Gürcüstanla Rusiya arasında quru nəqliyyatı əlaqələri bərpa edilib

İl ərzində hər iki tərəf quru nəqliyyatı vasitəsilə qarşılıqlı olaraq 500 daşıma həyata keçirə biləcəklər

Yeddi illik fasilədən sonra Gürcüstanla Rusiya arasında quru nəqliyyatı bərpa edilib. APA-nın "Qolos Rossii" kanalına istinadən yaydığı məlumata görə, Gürcüstanın ilk avtomobilləri artıq sentyabrda Rusiya ərazisinə daxil ola biləcəklər. Bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyi yanında quru nəqliyyatı Agentliyi ilə Rusiya Nəqliyyat Nazirliyi arasında danışıqlar nəticəsində razılaşma əldə olunub.

 

Quru nəqliyyatının bərpası haqqında saziş yük və sərnişin daşımalarına şamil ediləcək. Rusiya tərəfi gürcü sürücülər üçün viza rejiminin sadələşdirilməsinə dair öhdəlik götürüb. Gürcüstan iqtisadi inkişaf nazirinin müavini Natiya Mikeladze bildirib ki, razılaşmadan öncə Gürcüstan məhsulları Rusiya bazarına üçüncü ölkələrin şirkətləri vasitəsilə çıxarılırdısa, artıq bu məhsullar Rusiyaya daha asan üsulla çatdırılacaq.

 

İlkin mərhələdə tərəflər qarşılıqlı olaraq 500 daşıma kvotası vermək barədə razılığa gəliblər. Bu daşımaları bir il ərzində gerçəkləşdirmək mümkün olacaq. Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında quru nəqliyyatı 2006-cı ildə dayandırılıb. Daha sonra Ermənistanın vasitəçiliyi ilə nəzarət buraxılış məntəqələri fəaliyyətini bərpa etsə də, Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin Rusiyaya daxil olmasına qadağa qoyulub. Gürcüstan məhsulları Rusiya bazarına əsasən erməni şirkətləri tərəfindən çıxarılıb. 

Sizin Reklam Yeriniz