news Image
2013.08.22
17:32
| A A A
Keyfiyyətsiz məhsul istehsal edib satan sahibkarlar həbs oluna bilər

Bu il yanvar-iyun ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları yeyinti sahəsində işləyən 515 sahibkarı inzibati qaydada cərimələyib. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 54 nəfər barədə materiallar inzibati orqanlara verilib. Hesabat müddətində 167 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 189 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.Bu ilin yanvar-iyul ayları ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6441, mikrobioloji göstəricilərinə görə 5870, toksikoloji göstəricilərinə görə 1622, radioloji göstəricilərinə görə isə 175 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 126-da orqanoleptik və fiziki-kimyəvi, 74-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Statistik rəqəmlər göstərir ki, ölkədə keyfiyyətsiz ərzaq məhsullarının istehsalı və satışı davam edir. Keyfiyyətsiz məhsul istehsal edən sahibkarlar canlarının cərimə ilə qurtardığına arxayın olduqlarından bu əməli təkrarlamaqdan belə çəkinmirlər. Ərzaq məhsullarının istehsalı və satışı bazarında yaranmış bu vəziyyət artıq sahibkarlıq subyektlərinə qarşı daha sərt tədbirlər görməyin vaxtı çatdığından xəbər verir. Real vəziyyət göstərir ki, istehlakçıların sağlamlığına vurduqları zərərin qarşılığını beş-on manat cərimə ödəməklə yaxalarını kənara çəkən sahibkarlara daha sərt cəzalar tətbiq olunmalıdır. Hüquqşünaslar deyirlər ki, buna qanun vericilik imkan versə də, keyfiyyətsiz məhsulun  dəyərinin aşağı olması sahibkarların yaxasını cinayət məsuliyyətindən azad edir. Hüquqşünas Müzəffər Baxışov Movqe.az-a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 200-cü maddəsində "İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma" inzibati cəza ilə yanaşı azadlıqdan məhrum etmə də nəzərdə tutulub : "Maddə 200-200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —

— yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

200.2. Eyni əməllər:

200.2.1. təkrar törədildikdə;

200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—

— üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda —

— beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda —

— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs