Təhsil Nazirliyi kompyuterlə işləməyi bacaran müəllimlərin sayını açıqladı
Təhsil Nazirliyi Azərbaycanın ümumtəhsil, orta
ixtisa və ali təhsil müəsssisələrində kompüterlə işləməyi bacaran
müəllimlərin sayını açıqlayıb. Nazirlikdən Movqe.az-a verilən
xəbərə görə, kadr potensialının inkişaf
etdirilməsi və pedaqoji kadrların İKT üzrə hazırlığı istiqamətində
Dövlət Proqramları çərçivəsində bir sıra tədbirlər həyata
keçirilib. Belə ki, son 8 ildə ölkənin ümumtəhsil məktəblərində
112156 müəllim və inzibati heyət İKT-yə dair xüsusi hazırlıq
kursları keçib. Bu da pedaqoji kadrların 69 faizini təşkil edir.
Dövlət ali məktəblərinin 12367 professor-müəllim heyətindən 1256
nəfəri, orta ixtisas təhsil müəssisələrinin isə 508 müəllimi İKT-yə
dair xüsusi hazırlıq kurslarından keçib.Təhsil sisteminin pedaqoji heyəti tədris prosesində
informasiya və kommunikasiya texnologiyalarından (İKT) effektiv
istifadə edilməsi üçün mövcud 2 kurrikulum - Rİ-SOL "Müəllimlərin
Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi" və İntel "Gələcək üçün
Təhsil" təlim vəsaitləri əsasında treninqlərdən keçir. Bununla
müəllimlər şəxsiyyətyönümlü, interaktiv və inteqrativ təlim
metodları haqqında biliklər qazanır və texnologiyaları sinifdə
gedən tədris prosesinə necə tətbiq etməyi öyrənirlər. Eyni zamanda
Dövlət Proqramı çərçivəsində "Azərbaycan Respublikası Təhsil
Sisteminin inzibati idarəetmə heyəti üçün İnformasiya və
Kommunikasiya Texnologiyalarının (İKT) təhsilə tətbiqi və idarəetmə
texnologiyaları" adlı təlim vəsaiti hazırlanmışdır. Adıçəkilən
tədris vəsaiti təhsil sisteminin inzibati idarəetmə heyətinə XXI
əsr tədris metodları və eləcə də təhsildə müasir idarəetmə
sistemləri haqqında biliklər əldə etməsinə kömək edir.
Eyni zamanda respublika üzrə təhsil
müəssisələrinin 1555 İKT üzrə laborantı üçün "Kompüter
avadanlığının profilaktikası və şəbəkələrin əsasları" təlim
kursları təşkil edilmişdir. Cisco Şəbəkə Akademiyası çərçivəsində
təhsil sisteminin texniki heyəti üçün "İT-nin Əsasları",
"Şəbəkələrin Əsasları 1-2" və "Şəbəkələrin Əsasları 3-4" qabaqcıl
təlim kursları təşkil edilib. Microsoft
Korporasiyasının beynəlxalq təşəbbüsü olan, dünyanın bir sıra
ölkəsində təbliğ edilən və müəllimlər üçün nəzərdə tutulmuş
"Həmkara dəstək" proqramı Azərbaycanda Dövlət Proqramı çərçivəsində
həyata keçirilir. Proqram məktəblərdə fəal müəllimlərin təlimçi
rolunu yerinə yetirməsinə və həmkarlarına dəstək göstərməsi
məqsədi ilə yeni bilik və bacarıqların daha da təkmilləşdirilməsinə
yönəlmişdir. "Həmkara dəstək" proqramı çərçivəsində fəaliyyət
göstərən təlimçi-müəllim məktəblərdə çalışan digər müəllimlərə
informasiya texnologiyalarının tədrisdə istifadəsi üzrə praktiki
məsləhətlər verir. Hər bir məktəbdə belə təlimçi-müəllimin olması
pedaqoji heyətə tədrisdə İKT-nin istifadəsini asanlaşdırır. Proqram
çərçivəsində 831 müəllim xüsusi təlimdən keçmişdir.