Əlaqə Arxiv
news Image
2013.08.28
11:25
| A A A
Bahar Muradova: “Beynəlxalq müşahidəçilər çox olsa, seçkilərin şəffaflığı barədə fikirlər daha geniş olar”

Azərbaycanda seçki təcrübəsinin təkmilləşməsi, yeni texnologiyaları, seçicilərin maraqlarını və namizədlərin proqramlarını həyata keçirə biləcək yeni formaların tapılması istiqamətində söylənilən fikirləri dəstəkləyirəm.

Hesab edirəm ki, Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, özünəməxsus inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi seçki sahəsində əldə olunan nailiyyətlərimiz də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir.

Bunu mə Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib.

Onun dediyinə görə, bu təcrübə başqaları üçün də önəmli ola bilər:

"Biz artıq dünyaya bu istiqamətdə də öz təcrübəmizi nümayiş etdirməkdəyik".

Beynəlxalq təşkilatların ölkəmizdə keçiriləcək prezident seçkilərini müşahidə etməsi məsələsinə gəlincə, vitse-spiker bildirib ki, bunu həmin qurumların özlərinin fəaliyyətində gedən proseslərlə əlaqələndirmək daha düzgün olardı:

"Bir qayda olaraq, parlament assambleyaları əsasən, parlament seçkilərini müşahidə edirlər. Konkret olaraq ATƏT PA ilə əlaqədar deyə bilərəm ki, bu qurum bir neçə ölkədə prezident seçkiləri istisna olmaqla, parlament seçkilərinə müşahidə missiyaları göndərir.

Təşkilat ABŞ-da son iki prezident seçkilərinə, Gürcüstanda, Ermənistandakı seçkilərə müşahidə missiyaları göndərmişdi. Bunu da onunla əlaqələndirirdilər ki, belə müşahidələr Assambleya üçün yaxşı təcrübə ola bilər, ona görə də, bəzi ölkələrdə keçirilən prezident seçkilərinə müşahidə missiyası göndərmək məqsədəuyğundur.

Eyni zamanda, bu qurum həmin ölkələrdə prezident seçkilərini müşahidə etmək üçün məhdud sayda missiya göndərmişdi".

B.Muradovanın bildirdiyinə görə, Azərbaycanda keçirilən prezident seçkilərinə müşahidə missiyasının göndərilib-göndərilməməsi ilə bağlı ATƏT PA-nın rəhbərinin açıqlaması var:

"Belə ki, avqustun əvvəlində ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini açıqlayıb. O bildirib ki, seçki ilə assambleyanın payız sessiyasının vaxtının təxminən üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub.

Qurum rəhbəri onu da deyib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir. Ümumilikdə isə, Azərbaycan bu cür səlahiyyətləri olan bütün beynəlxalq təşkilatlara rəsmi şəkildə müraciət göndərərək prezident seçkilərini müşahidə etməyə dəvət edib.

Biz çox maraqlıyıq ki, bütün beynəlxalq təşkilatların nümayəndələri seçkiləri müşahidə etsinlər. Çünki beynəlxalq müşahidəçilər nə qədər çox olsa, seçkilərin şəffaflığı, demokratikliyi barədə fikirlər daha geniş olar".

Sizin Reklam Yeriniz