news Image
2013.08.28
10:27
| A A A
Ermənilər Azərbaycanın təbii yeraltı sərvətlərin hasilatını genişləndirir

Qondarma "Dağlıq Qarabağ hökuməti" işğal altındakı Azərbaycan ərazilərində olan mis, qızıl və molibden yataqlarında qanunsuz hasilatı genişləndirir.


Mövqe.az-ın verdiyi xəbərə görə, "DQR"in geoloji xidmətinin rəisi Qriqori Qabrielyan "NEWS.am"a  açıqlamasında bildirib  ki, rəhbərlik etdiyi qurumun məqsədi "DQR"in mis ehtiyatlarını 1 mln tona çatdırmaqdır.   

 

Onun sözlərinə görə, mis yataqlarının kəşfiyyatı hazırda 4 zonada həyata keçirilir. Birinci zona  Ağdam rayonundakı Xaçınçay su anbarından Ağdərə rayonu ərazisində ermənilərin "Kaşen" adlandırdıqları Dəmirli yatağınadək olan ərazini əhatə edir. Bu iri qızıl-mis-molibden yatağının kəşfiyyatını (Dəmirli yatağında isə artıq istismarını) "Valleks" şirkətlər qrupuna daxil olan "Beyz Metals" QSC-i həyata keçirir. Separatçı rejimin qondarma "geoloji xidməti"nin rəhbəri Qriqori Qabrielyan bildirib ki, Dəmirli (erməni versiyasında "Kaşen") yatağında 2012-ci ildə mis filizinin ehtiyatları 56 mln ton müəyyən edilib. İstehsalat həcmi tam gücə çatdırıldıqdan sonra  14-15 min ton mis tərkibli filizin illik hasilatı 3,5 mln ton təşkil edəcəyi gözlənilir. Yatağın istismar müddəti isə 15 il müəyyən edilib.       

 

İkinci zona  Kəlbəcər və Laçın rayonları sərhədində yerləşən Dəlidağın ətrafını əhatə edir. "Burada bizim geoloji xidmətin həyata keçirdiyi kəşfiyyat çox yaxşı nəticə verib", deyə Qriqori Qabrielyan bildirib.

 

Dağlıq Qarabağdakı işğalçı rejim mis yataqlarının axtarışını həmçinin işğal altında olan Zəngilan yaxınlığında və Laçından Şəlvə çayınadək ərazidə də həyata keçirir. "Bu rayon da bizim üçün xüsusi maraq kəsb edir", deyə Qabrielyan bildirib.   

 

"Respublikanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir edə biləcək əsas mineral xammalın tədqiqi - bizim xidmətin strateji vəzifələrindən biridir. Bu cür xammala biz məhz misi aid edirik. Bu səbəbdən biz bütün gücümüzü əvvəldən məlum olan mis yataqlarının, habelə özümüz aşkar etdiyimiz yataqların tədqiqinə cəlb etmişik", deyə Qabrielyan əlavə edib.    

 

Qeyd edək ki, erməni işğalınadək Azərbaycanın Qarabağ bölgəsində Ağdərənin Qızılbulaq (erməni versiyasında "Drmbon") Dəmirli yataqlarından başqa 15-dən çox mis-qızıl yataqları kəşf olunmuşdu. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs