news Image
2013.08.28
13:35
| A A A
Xaricdə təhsillə bağlı Müsahibə Komissiyasının tərkibi dəyişdiriləcək

Azərbaycanda dövlət hesabına xaricdə təhsillə bağlı Müsahibə Komissiyasının tərkibi dəyişdiriləcək. Movqe.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırarkən bildirib. Nazir deyib ki, bu ildən etibarən xaricdə dövlət hesabına təhsil prosesinin ictimailəşdirilməsini və şəffaflığını təmin etmək məqsədi ilə hər bir müraciət edən tələbə ilə fərdi müsahibə aparılacaq. Cabbarov bildirib ki, artıq bu ildən Müsahibə Komissiyası tək Təhsil Nazirliyinin məmurlarından ibarət deyil, həmçinin bir sıra qurumların nümayəndələrindən təşkil olunacaq: "Tibb sahəsi üzrə imtahan verən şəxslər Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən yoxlanılacaqlar, həmçinin Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mütəxəssisləri, QHT nümayəndələri də müsahibələrə cəlb olunacaqlar. Tam məsuliyyəti ilə deyə bilərik ki, Dövlət proqramı ilə seçim prosesi əvvəlkindən daha şəffaf keçiriləcək".

Nazir, həmçinin xaricdə dövlət hesabına təhsil almaq istəyənlərin minimum bal baryerindən də danışıb. Onun sözlərinə görə, xaricdə təhsil almaq niyyəti olanlar texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplamalıdırlar: "Biz Dövlət proqramına marağın artdığını müşahidə edirik. Avqustun 16-da bu prosesi başa çatdırdıq, 1300-ə yaxın müraciət olub ki, bu da ötən illə müqayisədə 30 faiz artım deməkdir. Bu göstərir ki, daha çox Azərbaycan gəncləri xarici universitetlərə qəbul olunurlar, Dövlət proqramının əhatə dairəsi genişlənir".

O müraciət edənlərə heç bir məhdudiyyət qoyulmadığını deyib: "Əgər sabah 2500 müraciət olacaqsa, hamısına baxacağıq, əsas məsələ odur ki, müraciət edənlər tələblərə cavab vermirlər. Belə ki, müraciət edən bəzi tələbələr Dövlət proqramının mahiyyətini sonadək bilmirlər və bəziləri hansı məqsədlə getmək barədə sualı cavablandırarkən deyiblər ki, həmin ölkənin vətəndaşı olmaq niyyətləri var. Dövlət maliyyəsi bunun üçün istifadə edilə bilməz. Digər tərəfdən Dövlət proqramının iştirakçısı olan hər bir tələbə Azərbaycanın ümummilli maraqlarını düzgün şəkildə yaymalıdır, amma bəzi hallarda Dağlıq Qarabağ məsələsi barədə kifayət qədər məlumata malik olmayan tələbələr də müraciət edir".

Nazir, həmçinin vurğulayıb ki, prioritet ixtisaslar üzrə müraciət edən tələbələrə üstünlük verilir. O bildirib ki, xarici universitetlər siyahısına 500-dən çox ali təhsil müəssisəsi daxil edilib: "Hal-hazırda prioritet ixtisaslar və universitetlər barədə qərar yazın sonunda qəbul olunur, lakin bunun dəyişdirilməsi təklif edilir. Təklif edirik ki, universitetlərin siyahısının təsdiqi qərarı ya payızın sonu qəbul olunsun, və yaxud yazda qəbul olunan siyahı növbəti il üçün də şamil olunsun".

M.Cabbarov xarici sertifikasiya mərkəzlərinin də verdiyi sertifikatların araşdırılacağını vurğulayıb: "Xarici dil bilikləri ilə bağlı yüksək bal qazanmış, lakin şifahi müsahibə zamanı öz fikirlərini çatdıra bilməyən insanlar olur. Burada bir incəlik də var - təhlil edəndən sonra aydın oldu ki, bir çox hallarda eyni sertifikasiya mərkəzindən yüksək bal almış tələbələr şifahi dil biliklərindən yüksək nəticə göstərə bilməyiblər. Bunlar Azərbaycandan kənarda yerləşən sertifikasiya mərkəzləridir, Dövlət proqramına seçim başa çatandan sonra bunlar ayrıca olaraq araşdırılacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs