Əlaqə Arxiv
news Image
2013.08.29
15:12
| A A A
Ruhani Rusiya prezidentini Qərbi dayandırmağa çağırıb

İran prezidenti Həsən Ruhani avqustun 28-də Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayaraq onu Qərbin Suriyaya mümkün hərbi hücumunun qarşısını almağa çağırıb.

PressForum.az saytının məlumatına görə, Suriyada mülki vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə olunmasını pisləyən Həsən Ruhani deyib ki, ölkəyə hücum bölgə üçün təhlükəli nəticələrə gətirib çıxara bilər: "Məsələnin mahiyyəti aydınlaşmamış hökm vermək təhlükəli sayıla bilər. Rusiyanın Orta Şərqdə, o sıradan da Suriyada sabitliyin bərqərar olunması ilə bağlı mövqeyi təqdirəlayiqdir. Hesab edirik ki, bu mövqe bütün bölgədə, xüsusilə də Suriyada sabitlik və əmin-amanlığın bərqərar olunmasına yardım edəcək.

Biz İranla Rusiya arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinin, o sıradan da Suriya məsələsində birgə məşvərət və fikir mübadiləsi aparılmasının tərəfdarıyıq. Suriyaya hərbi hücum sülhsevər ölkələrin bütün nailiyyətlərini təhlükəyə salacaq. Belə bir hücumun bölgə üçün ağır fəsadlarını nəzərə alaraq hesab edirik ki, Suriyaya hücumun qarşısının alınması üçün bütün səylər səfərbər edilməlidir".

Rusiya prezidenti Vladimir Putin də Suriya məsələsinin diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirib: "Əgər bizim amerikalı tərəfdaşlarımız Suriya hökumət qüvvələrinin kimyəvi silahlardan yararlandığını iddia edirsə, bunu sübut etməli, məsələ ilə bağlı dəlil-sübutlar ortaya qoymalı və həmin sənədləri BMT ekspertlərinə təqdim etməlidir. Rusiya Suriya hökumət qüvvələrinin müxaliflərə qarşı kimyəvi silahlardan istifadə etdiyinə inanmır. Heç kəsin kənardan Suriya üçün qərar qəbul etməyə, həmin qərarı Suriya xalqına zorla qəbul etdirməyə haqqı yoxdur!"

Sizin Reklam Yeriniz