news Image
2013.08.30
12:21
| A A A
Azərbaycanda sərxoş sürücülərin avtomobilləri müsadirə edilə bilər
Azərbaycanda sərxoş sürücülərin avtomobillərinin müsadirə olunması təklifi irəli sürülüb.

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Trend-ə bildirib ki, sərxoş sürücülərə qarşı cəzaların sərtləşdirilməsi təklif olunur: "Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi sərxoş sürücüyə qarşı yalnız cərimə tətbiq olunmur, onlar birmənalı olaraq sürücülük hüququndan məhrum edilirlər. Hazırda Azərbaycanda o halda sürücülük hüququndan məhrum edirlər ki, bu hal il ərzində iki dəfə baş versin, yaxud şəxs avtomobili sərxoş vəziyyətdə idarə edərkən kiməsə yüngül xəsarət yetirsin, yaxud da maddi ziyan vursun".

Millət vəkili sərxoş sürücülərin avtomobilinin müsadirə edilməsi məsələsinin də qanunvericiliyə daxil ediləcəyini istisna etməyib: "Şəxs avtomobili dəfələrlə sərxoş halda idarə etməsi faktına yol verərsə, maşının müsadirə edilərək həmin şəxsin sürücülük hüququndan məhrum edilməsi müzakirə predmeti ola bilər. Müsadirə edilən avtomobil inzibati xətanın predmeti kimi satılır, dəyəri sürücünün özünə də verilə bilər, hətta dövlət büdcəsinə də keçirilə bilər".

R.Cəbrayılov cəzaların sərtləşdirilməsinin zamanın tələbi olduğunu deyib: "Bu, o qədər zəruri məsələdir ki, bir vaxt istəsək də, istəməsək də cəmiyyət bunu tələb edəcək. Çünki hərəkətin intensivliyi, insanların çoxluğu, avtomobillərin sıxlığı artıq o həddə çatıb ki, avtomobili nəinki sərxoş vəziyyətdə, hətta adi halda belə idarə etmək artıq heç kimin şəxsi işi deyil".

Qeyd edək ki, hazırda Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 300 manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Eyni hərəkətlər təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması ilə törədildikdə nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs