Əlaqə Arxiv
news Image
2012.05.18
20:46
| A A A
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ-dən APA-ya verilən məlumata görə, komissiya üzvləri 4 mətbu nəşrlə bağlı müraciəti araşdırıblar. Əvvəlcə tarixçi-jurnalist Təranə Cəbiyevanın müraciətinə baxılıb. O bildirib ki, müstəqil jurnalist kimi ölkə mətbuatında Bakının kəndləri barədə dərc etdirdiyi məqalələrin kitab şəklində nəşrinə hazırlaşır. Lakin bir sıra yazılarına münasibətdə üzləşdiyi plagiat halları gələcəkdə əsl müəllif kimi ona problemlər yarada biləcəyindən Mətbuat Şurasıının məsələnin tənzimləməsinə ciddi ehtiyac duyur. Şikayətçi diqqəti özünün 2008-ci il iyunun 7-də "Mədəniyyət" qəzetində gedən "Balaxanı – odlar məkanı" sərlövhəli yazısına çəkib. Qeyd edib ki, "Həftə içi" qəzetində eyni sərlövhə ilə (21 sentyabr 2011-ci il) gedən materialda fikir və mülahizələrin əksəriyyəti olduğu kimi təkrarlanıb və istinad mənbəyi göstərilməyib.

Cavabdeh tərəfin təmsilçisi, mətbu nəşrin redaktoru Elxan Salahov bildirib ki, belə hallar müəllif hüququna hörmətsizlikdir. Məhz buna görə məsələ "Həftə içi" qəzetində geniş müzakirə olunub, plagiata yol verən müəllif - İradə Cavadova işdən azad edilib.

Komissiya redaksiya tərəfindən həyata keçirilən bu ölçünü müsbət dəyərləndirib.

Çıxardığı rəydə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın "Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması" adlı 4-cü prinsipinin 4.6 bəndinin "Plagiat yolverilməz hərəkətdir" tələbinin pozulduğunu göstərib. Eyni zamanda qəzetə tövsiyə olunub ki, həmin materialın məhz Təranə Cəbiyevaya məxsusluğu ilə əlaqədar "Həftə içi" qəzetində bildiriş təqdim edilsin.

Sonra Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının "Ədalət tribunası" qəzeti ilə əlaqədar şikayəti araşdırılıb. Mətbu nəşrin baş redaktoru Aynur Babayeva məsələnin müzakirəsinə dəvət olunsa da naməlum səbəbdən iclasa qatılmayıb. Komissiya müraciətdə ifadəsini tapan məqamları, şikayət doğuran yazını və eləcə də qəzetdə gedən digər materialları nəzərdən keçirərək rəyə gəlib ki, "Ədalət tribunası"nın fəaliyyətində "reket jurnalistika"ya xas cəhətlər üstünlük təşkil edir. Buna görə də məsələnin Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da araşdırılmasına zərurət duyulur.

"Rakurs" qəzetinin təsisçisi Yaşar Paşayev üçüncü məsələnin müzakirəsində qarşı tərəfin - Quba Dövlət Sosial-İqtisadi Kolleci rəhbərliyinin bu nəşrlə bağlı iddiasını əsaslı sayıb. O məlumat verib ki, etik prinsiplərin tələblərinə dəfərlərlə sayğısızlıq göstərildiyinə görə qəzetin baş redaktoru Şakir Eyvazovu tutduğu vəzifədən azad edib. Komissiya üzvləri "Rakurs"un fəaliyyətində dönüş yaradılması üçün təsisçiyə bir sıra tövsiyələrini veriblər.

Komissiya "Yüksəliş naminə" qəzetində gedən "Jurnalistlər binasındakı mənzillər bölüşdürülüb" sərlövhəli yazı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müraciətini də nəzərdən keçirib. Belə rəyə gəlinib ki, materialda qarşı tərəfin ünvanına kifayət qədər ciddi ittihamlar səsləndirilib. Bu baxımdan da məsələnin komissiyanın növbəti iclasında tərəflərin iştirakı ilə müzakirəsi məqbul sayılıb.

Sizin Reklam Yeriniz