news Image
2014.01.01
00:39
| A A A
Prezident xalqı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Movqe.az-ın xəbərinə görə, prezident təbrik nitqində bildirib ki, 2013-cü il Azərbaycan üçün çox uğurlu olub: "Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilib. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artıb, güclənib. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak edib. Beynəlxalq hüququ, ədaləti müdafiə edib".
Prezident dünyada beynəlxalq hüquq normalarının pozulmasından təəssüfünü də ifadə edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar olsun ki, onlar icra edilmir".
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalı olduğunu bildirən ölkə başçısı başqa variantın istisna olunduğunu bir daha vurğulayıb: "Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik".
Ordu quruculuğu işində böyük uğurlar olduğunu deyən dövlət başçısı Azərbaycan Ordusunun bu gün dünyanın güclü orduları sırasında dayandığını bildirib: "Bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güclü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal siyasət aparacağıq".
Son on ildə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmadığını deyən prezident bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatların bunu təsdiqlədiyini də vurğulayıb: "Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artıb ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılıb. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilib. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr verib. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır".
Prezident qeyd edib ki, beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırıblar: "Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb. Bu, çox böyük nailiyyət, nəticədir və  ölkəmizin uğurla inkişaf etdiyini göstərir. İqtisadiyyatımız çoxşaxəlidir, təkcə neft amilinə bağlı deyil. Son illər ərzində apardığımız iqtisadi islahatlar, iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə səbəb olub. Əminəm ki, növbəti illərdə iqtisadi sahədə daha da böyük uğurlar əldə ediləcək. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl icra edilir".
İqtisadiyyatımn güclənməsinin sosial məsələlərin həllinə də kömək göstərdiyini deyən ölkə başçısı qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: " Ona görə, güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılıb, sovet vaxtlarından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilib. Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcək. Bunu deməyə əsas verən bizim güclü iqtisadi potensialımızdır. İqtisadi müstəqillik olmadan heç bir ölkə özünü tam azad, müstəqil hesab edə bilməz. Ona görə, hesab edirəm ki, iqtisadi sahədə müstəqilliyin əldə olunması bizim ən böyük nailiyyətimizdir".
Ölkəmizdə siyasi islahatların da davam etdiriləcəyini deyən prezident "Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar var. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir" deyə bildirib.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin 2013-cü ildə daha da böyük miqyasda aparıldığını bildirən ölkə başçısı bu il daha da böyük uğurlara nail olunduğunu söyləyib: "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaradıb. İlin əvvəlində yaradılmış "ASAN xidmət"in fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanmış "ASAN xidmət" bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu xidmətə beş yüz mindən artıq vətəndaş müraciət edib. Gələcəkdə "ASAN xidmət"də göstərilən xidmətlərin sayı artırılacaq və eyni zamanda, elektron xidmətlərin sayı da artırılmalıdır".
Prezident bildirib ki, yola saldığımız ildə Azərbaycan dünyanın humanitar mərkəzi kimi özünü bir daha təsdiq edib: "Bu il Azərbaycanda Üçüncü Beynəlxalq Humanitar Forumu, İkinci Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu iki tədbir dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib. Azərbaycan artıq dinlərarası, millətlərarası dialoqun aparılması üçün özünü bir mərkəz kimi göstərir. Ölkəmizdə mövcud olan dini və milli dözümlülük, tolerantlıq, bütün xalqların bir ailə kimi yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük üstünlüyümüzdür. Deyə bilərəm ki, ölkəmizin bu sahədə təcrübəsi dünyada öyrənilir və təqdir edilir".
Neft-qaz sektorunun ölkəmizin gələcək inkişafı üçün çox böyük məna daşıdığını deyən dövlət başçısı 2013-cü ildə bu istiqamətdə bir neçə vacib məsələnin həllini tapdığını xatırladıb: "Onlardan biri də Trans-Adriatik kəməri layihəsinin seçilməsidir. TAP layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq edilib. 2012-ci ildə Trans-Anadolu qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib və bu il bu istiqamətdə böyük işlər görülüb. Dekabrın 17-də "Şahdəniz-2" layihəsinə start verildi. Bu, tarixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, "Şahdəniz-2" layihələri Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha Azərbaycan xalqını bu böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu layihə xalqımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir layihədir".
Ölkə başçısı bu il Azərbaycanda prezident seçkisi keçirildiyini də xatırladıb və seçkinin azad, ədalətli keçirildiyini deyib: "Seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət verdilər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət verib. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapıb. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam".
Bu il Azərbaycanın kosmik dövlətə çevrilməsinin də tarixi nailiyyət olduğunu deyən prezident kosmik sənayenin inkişafının ölkəmizin ümumi, intellektual və iqtisadi potensialını bir daha təsdiqlədiyini vurğulayıb. Prezident bu günün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi də qeyd edildiyini vurğulayıb: "Dünyada yaşayan bütün azərbaycanlılar, əminəm, fəxr edirlər ki, bu gün güclü Azərbaycan dövləti var. O dövlət ki, öz vətəndaşları üçün çalışır, vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir".
Prezident bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər bir Azərbaycan ailəsinə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs