news Image
2014.01.02
21:19
| A A A
Boksçumuzdan həkimlərə şok ittiham
Azərbaycanın peşəkar bokçusu, "Qəbələ" idman klubunun üzvü Fariz Məmmədov muayinə və müalicə olunmaq üçün Vyanaya yola düşüb. 

Movqe.az xəbər verir ki, Məmmədov Lent.az-a açıqlamasında Avstriyadakı müayinə zamanı ilginc məqamların ortaya çıxdığını bildirib. O,  deyib: "Ötən ay mən Qəbələdə WBO və İBF versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə almaniyalı Mattias Pelklə qarşılaşmış və zədə üzündən 8-ci raundda döyüşü saxlamaq məcburiyyətində qalmışdım. Həmin döyüşdən 2 həftə əvvəl özümdə ağrılar hiss etdim. Bakıda müayinədən keçdikdən sonra həkimlər mənə dedilər ki, sağ çiyninin bağları qopub. Söylədilər ki, döyüş zamanı problemlə üzləşməyəcəksən. Mən də bizim həkimlərin qoyduğu diaqnoza inanıb döyüşə çıxdım. Amma dediyim kimi, matçın gedişində şiddətli ağrılarım başladı, ona görə də döyüşü davam etdirə bilmədim".

Məmmədovun sözlərinə görə, Vyanadakı müayinə zamanı azərbaycanlı həkimlərin səhv diaqnoz qoyduqları üzə çıxıb: "Rentgen müayinəsindən sonra avstriyalı həkimlər mənə bildirdilər ki, sənin çiynində bağlar qopmayıb, əslində, sağ döş tərəfində ikinci qabırğan sınıb. Ümumiyyətlə, burada həkimlər şoka düşüblər. Mənə deyirlər ki, belə vəziyyətdə sizin həkimlər sənin rinqə çıxmağına necə icazə veriblər və sən 8 raund necə döyüşmüsən?!"

Boksçumuz bildirib ki, bir müddət müalicəsi ilə məşğul olduqdan sonra yenidən məşqlərə başlayacaq. Qeyd edək ki, Fariz Məmmədov Avstriyadan sonra Almaniyaya gedəcək. Səfərdə məqsəd Mattias Pelklə revanş döyüşünün keçirilməsi ilə bağlı müqavilə imzalamaqdır.