Əlaqə Arxiv
news Image
2012.04.05
01:39
| A A A
Ermənilər Cənubi Qafqazın təhlükəsizliyini təhdid edirlər
“Ermənistan forpostu niyə həm də radiolokasiya postu olmasın?”

Azərbaycan neçə illərdir dünyaya çatdırmaq istəyir ki, Ermənistan dövlətini təmsil edən insanlar qeyri-konstruktivdir, qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edirlər. Onlar militarist siyasət yürüdür, başqa ölkələrlə münaqişəli vəziyyət yaradır və bütövlükdə Cənubi Qafqazın, Avrasiyanın, dünyanın təhlükəsizliyini təhdid edirlər. Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Bakıda keçirilən Avronest PA-nın sessiyasında erməni deputatların davranışı bunu bir daha sübut etdi: "Təəssüf edirik ki, Cənubi Qafqazda sülh şəraitində yaşamaq istəyən, qonşuların maraqlarını nəzərə alan Azərbaycan, Gürcüstan kimi dövlətlərlə yanaşı, Ermənistan kimi işğalçı dövlət də var".

O qeyd edib ki, Azərbaycan Qəbələ RLS-ni kimə, hansı müddətə, hansı şərtlərlə icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir. Onun sözlərinə görə, Azərbaycan Qəbələ RLS-nin qiymətini də, siyasətini də, qonşu dövlətlərlə münasibətlərə onun təsirini də nəzərə alır: "Azərbaycan öz ərazisindəki məntəqələrə, o cümlədən hərbi məntəqələrə cavabdehdir, bununla bağlı öz siyasətini müəyyənləşdirir".

PA rəsmisi həmçinin Ermənistanın baş naziri "Azərbaycan və Rusiya Qəbələ RLS ilə bağlı razılığa gəlməsələr, Ermənistan Rusiyaya belə lokasiya stansiyasının tikintisinə icazə verə bilər" sözlərinə də münasibət bildirib: "Bizim heç bir etirazımız yoxdur. Əlbəttə, Ermənistan forpostu niyə həm də radiolokasiya postu olmasın? Rusiyaya Ermənistan ərazisində belə post tikmək lazımdırsa, biz buna etiraz etməyəcəyik".

Əli Həsənov bildirib ki, Rusiya Xarici İşlər Nazirinin regiona səfəri mühüm siyasi və diplomatik yük daşıyır. O, qeyd edib ki, Avrasiyada, Cənubi Qafqazda, Xəzər və Qara dəniz hövzələrindəki hazırkı vəziyyət fonunda Sergey Lavrovun Azərbaycana səfəri aktualdır: "Lavrov Azərbaycanla, eləcə də Ermənistan rəhbərliyi ilə qarşıdakı müddətdə Rusiyanın bölgədəki siyasətini, o cümlədən Azərbaycanı daha çox maraqlandıran, narahat edən Qarabağ probleminin həlli ilə bağlı həmsədr, həmçinin regionun böyük nüfuzlu ölkəsi kimi mövqeyini, siyasətinin prioritetlərini bir daha hər iki ölkənin rəhbərliyinə çatdırdı".

PA-nın rəsmisi həmçinin bildirib ki, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin fərqli aspektləri son zamanlar aktiv şəkildə müzakirə olunur. "Düşünürük ki, Rusiyadakı yeni rəhbərliklə, Vladimir Putinin formalaşdıracağı yeni komanda ilə Azərbaycanla mövcud olan əlaqələr bir az da genişlənəcək, yüksələn xətlə inkişaf edəcək".

Sizin Reklam Yeriniz