news Image
2014.01.15
11:04
| A A A
20 Yanvar günü elektrik qatarları pulsuz işləyəcək

20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə daxil olan məlumata görə, Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada 20 Yanvarda saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.


Yanvarın 20-si saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.


Bundan başqa, Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.