Əlaqə Arxiv
news Image
2014.01.15
14:43
| A A A
58 mindən çox vətəndaşın müraciətinə baxılıb

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyində ötən il ərzində 260 əməkdaş fəaliyyət göstərib. Agentliyin rəhbəri İnam Kərimov keçirdiyi mətbuat konfransında deyib ki, bunlara qurumun aparatında və 5 "ASAN Xidmət" mərkəzlərində fəaliyyət göstərən əməkdaşlar daxildir. O, agentlikdə çalışan əməkdaşların orta yaş həddinin 28 olduğunu açıqlayıb: "Bu da Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən siyasətin təzahürüdür. "ASAN Xidmət" mərkəzlərində xidmətlər bilavasitə aidiyyəti dövlət qurumları tərəfindən göstərilir. Digər dövlət qurumlarının isə 412 əməkdaşı "ASAN Xidmət" mərkəzlərinə ezam olunublar".

 

İ. Kərimov qeyd edib ki, "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətinə könüllülər də cəlb olunub. Onların da xidmətlərin göstərilməsində vətəndaşlara yardım etdiklərini söyləyən agentlik sədri vurğulayıb ki, ali təhsil müəssisələrində oxuyan və ali məktəbi yeni bitirmiş gənclərə iş vərdişləri öyrədilir: "Ötən il ərzində 1138 könüllü cəlb edilib. Onlardan 880 nəfəri artıq məzun olub və hazırda 258 könüllü "ASAN Xidmət" mərkəzlərində fəaliyyətini davam etdirir. Ötən ilin dekabrında isə "ASAN Könüllülər" Gənclər Təşkilatı təsis edilib".

 

"ASAN Xidmət" mərkəzlərində yaradılan "Çağrı" məlumat mərkəzlərinə il ərzində 144 326 müraciət daxil olub. "ASAN Xidmət"in sosial şəbəkələrdə xüsusi səhifələri mövcuddur və vətəndaşlar bura müraciət edərək cavab ala bilirlər. "ASAN Xidmət" mərkəzinin internet ünvanından 110 minə yaxın insan istifadə edir, "Facebook" sosial şəbəkəsi vasitəsilə isə 23986 vətəndaşın müraciətinə cavab verilib.

 

İ. Kərimov bildirib ki, ötən il "ASAN Xidmət"in səyyar avtobusları vasitəsilə də əhaliyə lazımi xidmət göstərilib. Onun sözlərinə görə, 2013-cü ilin iyun ayından etibarən şimal və cənub rayonları üzrə 21 dayanacaq nöqtəsində 37 rayonun 58 603 nəfər vətəndaşının müraciətinə baxılıb.

Sizin Reklam Yeriniz