news Image
2014.01.16
13:01
| A A A
Elmira Süleymanova 20 yanvarla bağlı bəyanat yayıb

Bəyanatda qeyd edilir ki, 24 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş qatı cinayətdir

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Elmira Süleymanova 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanatla müraciət edib. 

Ombudsman Aparatından daxil olan məlumata görə, bəyanatda qeyd olunur ki, 24 il əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş qatı cinayətdir: 


"Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür. Bütün cinayət hadisələri kimi, bu qanlı aksiyanın da sifarişçiləri və icraçıları vardı. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi, Azərbaycana qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirib. Məhz xalqın etirazına cavab olaraq, sovet hökuməti Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törədib.


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilib. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıdıb. Stavropol, Rostov və Krasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilib. Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub.


Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Ölçüyəgəlməz dağıntılar törədilmiş, yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla, qətlə yetirilib, şəhərin küçələri qana qərq olub".


Bəyanatda qeyd edilir ki, sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilib.


Ombudsmanın fikrincə, kütləvi insan itkisi ilə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.


"Beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə cinayətin bütün əlamətlərini özündə əks etdirən bu hadisə insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə törədilib.


Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq".


Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs