Əlaqə Arxiv
news Image
2014.01.27
18:36
| A A A
Uçan bina ilə bağlı cinayət işi başlandı
Bakıda uçqun hadisəsi ilə bağlı başlanan cinayət işinin istintaqı şəhər prokurorluğunda davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, Bakının Nərimanov rayonunda sökülməkdə olan beşmərtəbəli binanın uçması ilə bağlı başlanan cinayət işinin istintaqı Nərimanov rayon prokurorluğundan alınaraq Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə verilib. Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçaraq yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər. Faktla bağlı dərhal Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri ekspertizalar təyin olunub. İstintaq tədbirləri davam etdirilir

Sizin Reklam Yeriniz