Mədət Quliyevin 200-ə yaxın əməkdaşı cəzalandırılıb
Penitensiar Xidmətin 197 əməkdaşı intizam məsuliyyətinə cəlb
olunub, 37 əməkdaş isə vəzifəsindən azad edilib. Xidmətin
ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə,
bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il
ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat
müşavirəsində bildirilib. Penitensiar müəssisələrin əməliyyat
aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı
əməkdaşlığı nəticəsində il ərzində 258 müxtəlif cinayətin üstü
açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə
keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin
qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub.
Belə ki, 2013-cü il ərzində penitensiar müəssisələrdə keçirilmiş
əməliyyat-baxış tədbirləri nəticəsində 178 litr spirtli içki, 571
mobil telefon, 453 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar
edilərək götürülüb və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər
görülüb. Qeyd edilib ki, il ərzində cinayətlə vurulmuş maddi
ziyanın ödənilməsi üzrə tədbirlər xüsusi nəzarətdə olub, məhkumlar
tərəfindən zərərçəkmişlərə 1 milyon 77 min 758 manat vəsaitin
ödənilməsinə nail olunub. Məhkumların ictimai-faydalı əməklə təmin
olunmaları sahəsində əvvəlki illərlə müqayisədə irəliləyiş əldə
olunduğu, "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı
çərçivəsində 4 cəzaçəkmə müəssisəsində əlavə iş yerlərinin
açılmasına imkan verən yeni istehsal sahələrinin təşkil olunduğu,
16 müəssisədə dəzgah, avadanlıq və alətlərin müasirləşdirildiyi
vurğulanıb. Müşavirədə hesabat dövrü ərzində Penitensiar Xidmətin
197 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 37
əməkdaşın tutduğu vəzifədən azad edildiyi, 16 nəfərin isə ədliyyə
oranlarından xaric edildiyi bildirilib.