Azərbaycandakı cinsi azlıqlara dəstək
Nəfəs LGBT Azərbaycan Alyansı nümayəndə heyyəti
Almaniya, Niderland, Norveç, Böyük Britaniya, Belçika, İsveçrə, ABŞ
səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüş
keçiriblər. "Qafqazinfo" xəbər verir ki, dəyirmi masa
ətrafında baş verən görüşdə ölkədəki LGBT hüquqlarının vəziyyəti,
LGBT insanların sosial statusu və üzləşdiyi problemlər müzakirə
olunub. Səfirlik nümayəndələri öz çıxışlarında bildiriblər ki,
Avropa - Azərbaycan münasibətlərinin inkişafında fundamental insan
hüquqlarının müdafiəsi, o cümlədən LGBT insanların hüquqi
statusunun qorunması məsələləri onlar üçün prioritetdir. Həmçinin,
Nəfəs nümayəndələri keçirdikləri "LGBT iş mühiti" sorğusunun
nəticələrinin təqdimatını ediblər. Sorğu müxtəlif bank, turizm,
səhiyyə, təhsil, kiçik və böyük ticarət mərkəzləri, QHT - lər
arasında aparmaqla 500 respondenti əhatə edib. Sorğunun
keçirilməsində əsas məqsəd LGBT insanların iş mühitində üzləşə
bildiyi neqativ halların, ümumilikdə iş mühitində onlara olan
münasibəti, respondentlərin LGBT mövzusunda olan biliklərini
müəyyənləşdirməkdən ibarət olub. Sorğu 5 ay müddətində olmaqla
Azərbaycanın 8 bölgəsində aparılıb. Əldə olunan nəticələrə əsasən
təşkilat yeni proqramların hazırlanmasını nəzərdə tutur. Sorğunun
nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.