news Image
2014.02.05
18:45
| A A A
Saxta diplomlarla bağlı araşdırmalara başlandı

Təhsil Nazirliyinin saxta diplomla bağlı müraciəti əsasında Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırma zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında 2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair diplomunun dövlət nümunəli olmadığı, o cümlədən Bakı şəhər sakini Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun anasından 23.0 min manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.