Övladlığa uşaq götürməyin yolları
Təhsil Nazirliyi uşaqların övladlığa verilmə
şərtlərini açıqlayıb. Nazirlikdən bildiriblər ki, Azərbaycanda
övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı
ilə tənzimlənir. Övladlığa uşaq
götürməyi arzu edən Azərbaycan Respublikasının vətəndaşı ilkin
qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarına əsasən,
müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra
Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına
müraciət edərək qeydiyyata götürülür. Həmin orqan tərəfindən
qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək
istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə,
övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil
Nazirliyinə göndəriləcək. Beynəlxalq övladlığa verilmə isə
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi tərəfindən həyata keçirilir. Övladlığa 3-18 yaş arası olan uşaq götürmək tələbi olduqda
vətəndaş Təhsil Nazirliyində övladlığa uşaq götürmək arzusunda olan
vətəndaşların siyahısına alınaraq Təhsil Nazirliyinin övladlığa
verilməsi mümkün olan uşaqların mərkəzləşdirilmiş siyahısı ilə
tanış olmaq üçün Təhsil Nazirliyinə dəvət olunur. Siyahı ilə tanış
olub seçim etdikdən sonra vətəndaş uşağın yaşadığı müəssisəyə səfər
edərək uşaqla əyani tanış ola bilər. Uşaq seçildiyi təqdirdə
vətəndaş ona məxsus sənədlərin əsli və ərizə ilə birlikdə rayon
məhkəməsinə müraciət edir. Uşağın sənədləri isə Təhsil Nazirliyi
tərəfindən hazırlanaraq məhkəməyə təqdim
olunur. Uşağın övladlığa verilməsi
barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi
üçün əsas hesab edilir. Bununla yanaşı, məhkəməyə RİH-nin Qəyyumluq
və Himayəçilik orqanı tərəfindən uşağın övladlığa verilməsi barədə
rəy təqdim olunur. Məhkəmə prosesində RİH-nin Qəyyumluq və
Himayəçilik orqanının nümayəndəsinin və övladlığa götürülən uşağın
yaşadığı dövlət uşaq müəssisəsinin (uşaq evi, internat)
nümayəndəsinin iştirakı vacibdir. Qeyd
edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15
avqust tarixli, 141 nömrəli Qərarı ilə təsdiq edilmiş "Övladlığa
götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin
siyahısı"na əsasən, əmək qabiliyyətini itirməklə I və II qrup
əlilliyi olan Azərbaycan vətəndaşları övladlığa uşaq götürmək arzu
edən şəxs kimi qeydiyyata götürülə bilməzlər.