news Image
2014.02.06
12:00
| A A A
Məhkumlara iş məlumatı

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin əmək bazarında mövcud vəziyyət və vakansiyalar barədə məlumat əldə edə bilmək imkanlarına malik olması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həmin müəssisələrdə elektron məlumat köşklərinin quraşdırılması nəzərdə tutulur. ƏƏSMN-in mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, bu tədbir Dövlət Məşğulluq Xidmətinin cari ilə dair Tədbirlər planında əksini tapıb.  Yaxın vaxtlarda cəza çəkməkdən azad ediləcək şəxslər elektron məlumat köşkləri vasitəsilə əmək bazarında tələb olunan peşə və ixtisaslar, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı kurslarının təşkili, bu kurslara cəlb olunma qaydaları barədə məlumat ala biləcəklər. Qeyd edək ki, işsiz və işaxtaran vətəndaşların boş iş yerləri haqqında məlumat əldə etmək imkanlarının genişləndirilməsi üçün artıq 20-dək ali təhsil müəssisəsində, bütün rayon (şəhər) Məşğulluq Mərkəzlərində və Əmək birjalarında, Regional Peşə Tədrisi Mərkəzlərində, müxtəlif bölgələrdə əhalinin sıx toplaşdığı yerlərdə, ümumilikdə 129 yerdə belə köşklər quraşdırılıb.