Qeyd edilib ki, ARDNŞ-in 2014-cü il 17 yanvar tarixli əmri ilə təsdiq edilmiş proqram vasitəsilə sərbəstləşən işçilərlə (təqaüd yaşına çatmış şəxslər və ARDNŞ-in digər proqramlarının iştirakçıları istisna olmaqla) mütəmadi iş aparılacaq və onların yeni iş yerləri ilə təmin olunmaları üçün davamlı tədbirlər görüləcək. Bu proqrama qoşulmuş sərbəstləşən işçilərə 1 illik proqram dövründə orta aylıq əmək haqqının 50 faizi həcmində aylıq müavinətin ödənilməsi, könüllü tibbi sığorta üzrə təminatın tibbi sığorta müqaviləsinin tələblərinə uyğun saxlanılması, sərbəstləşən işçilərin mövcud və təklif olunacaq iş yerinin qiymətləndirilməsi, yerləşdirilməsi üçün iş yerlərinin axtarılması, ixtisasartırmaya ehtiyacı olan işçilərin müəyyən edilməsi və onlar üçün təlimlərin təşkili kimi mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin bildirilib ki, artıq sərbəstləşən işçilərin ARDNŞ-in digər qurumlarında mövcud vakansiyalar üzrə müsabiqə yolu (test və ya peşə sınaq imtahanı) ilə yerləşdirilməsi prosesinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində sərbəstləşən işçilərə yuxarıda qeyd edilən proqrama qoşulmaq və ya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik kompensasiya ödənilməklə işdən azad olunmaq təklif edilir. Bu işlərin ədalətli, şəffaf və obyektiv şəkildə icrasının təmin edilməsi məqsədilə sərbəstləşən işçilərin siyahısı dəqiqləşəndən dərhal sonra onların e-mail ünvanlarına ARDNŞ-də yaradılmış işçi komissiyasının sədrinin elektron poçt ünvanı, eləcə də birbaşa əlaqə saxlamaları üçün qaynar xətt nömrələri göndərilib.