Əlaqə Arxiv
news Image
2012.06.06
22:38
| A A A
Televiziya aparıcılarının dillə bağlı bir çox problemləri var
“MTRŞ dillə bağlı məsələdə ekspert qismində çıxış edə bilmədiyinə görə...”

Milli Televiziya və Radio Şurası (MTRŞ) dillə bağlı ekspert qismində çıxış edə bilməz, yəni biz, dövlət dilinin işlənilməsi, ona əməl olunması ilə bağlı televiziyalar qarşısında konkret tələblər qoya bilmərik.

Bu fikirləri MTRŞ-in sədri Nuşirəvan Məhərrəmli parlamentin Mədəniyyət komitəsinin iyunun 6-da keçirilən iclasında "İctimai televiziya və radio yayımı haqqında" Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

N.Məhərrəmlinin qeyd etdiyinə görə, bu gün əksər televiziyalara ekspert qismində bu və ya digər məsələlərlə bağlı dəvət olunan mütəxəssislər çox zaman dövlət dilinin qaydalarına əməl etmirlər.

Onun sözlərinə görə, bu, xüsusilə həmin telekanalların, müxtəlif verilişlərinə ekspert kimi dəvət olunan rusdilli mütəxəssislərə aiddir:

"Onlar çox zaman Azərbaycan dilində danışa bilmirlər, rusca danışmağa üstünlük verirlər. Təbii ki, bu zaman həmin verilişin aparıcıları da, rusca danışmağa üstünlük verir və ya məcbur olurlar.

Ancaq bir məsələ var ki, televiziyada həmin verilişlərə baxanların əksəriyyəti, xüsusilə də kənd yerlərində insanların çoxu bunu başa düşə bilmirlər. Üstəlik televiziya aparıcılarının özlərinin də dillə bağlı bir çox problemləri var.

Odur ki, MTRŞ dillə bağlı məsələdə ekspert qismində çıxış edə bilmədiyinə görə, bu məsələdə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun və ya parlamentin Mədəniyyət komitəsinin üzvlərinin tövsiyələrinə, yardımına ehtiyacı var.

Onlar bu məsələdə bizə öz tövsiyələrini versələr, biz də öz növbəmizdə telekanallarda dövlət dilinin işlənilməsinə, onun qaydalarına əməl olunması ilə bağlı öz təkliflərimizi, tələblərimizi ortaya qoya bilərik".

Movqe.Az

Sizin Reklam Yeriniz