news Image
2014.02.07
17:11
| A A A
Sahibkarlara 10 milyona yaxın kredit
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 7-də İmişli rayonunun Şahverdilər kəndində keçirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə İmişli rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzin, müasir çörək zavodunun və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2014-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet istiqamətlər, güzəştli kreditlərin alınması üçün yaradılmış elektron idarəetmə sistemi və onun üstünlükləri barədə məlumat verib. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 317 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 9,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 750-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 322 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) ayrılıb. Bu kreditlərin reallaşdırılması 28 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 550 min manata yaxın güzəştli kreditlər verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində İmişli rayonunun Qaragüvənli kəndində güzəştli kredit ayrılmış damazlıq yumurta istehsal edən müasir quşçuluq fabrikinin fəaliyyətinə baxış keçirilib.