news Image
2014.02.10
12:14
| A A A
Sabahdan magistraturaya sənəd qəbulu başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabahdan 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbuluna başlayır. Komissiyadan Movqe.az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə fevralın 11-dən 20-dək aparılacaq. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar "Magistr" jurnalının 4-cü sayında dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. ("İxtisaslaşma seçimi cədvəli" və qəbul proqramları "Magistr" jurnalının 2014-cü il tarixli 3-cü sayında veriləcək).