news Image
2014.02.12
16:19
| A A A
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kollegiya iclası keçirib

12 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2013-ci ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirmişdir. Kollegiya iclasını giriş sözü ilə açan Komitə sədri cənab Qərib Məmmədov bildirdi ki, Komitənin struktur vahidlərinin, o cümlədən tabeçiliyində olan Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət Aerogeodeziya Müssisəsinin, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və Bakı Kartoqrafiya Fabrikinin üzərinə 2013-cü ildə də torpaq, geodeziya və kartoqrafiya sahəsində Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına müvafiq olaraq mühüm dövlət tapşırıqları qoyulmuşdur. Bu tapşırıqlarla əlaqədar icraçı struktur vahidlərinin rəhbərlərinin hesabatları dinlənilmiş, müzakirə olunaraq müvafiq qərar qəbul olunmuşdur. 

Komitə sədri cənab Qərib Məmmədov qeyd etmişdir ki, Azərbaycan dövlətçiliyinin memarı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, təşəbbüsü və Azərbaycan xalqına diqqət və qayğısının nəticəsi olaraq həyata keçirilməyə başlanmış və bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən, ölkəmizin inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2013-ci ildə də aşağıda qeyd edilən bir sıra təxirəsalınmaz tədbirlər görülmüşdür. 

Torpaq islahatı: 2013-cü il 31 dekabr vəziyyətinə torpaq payı alacaq 3 milyon 438 min 625 subyektdən (873 min 618 ailədən) 3 milyon 428 min 136 subyektə (871 min 220 ailəyə) torpaq payları naturada və hüquqi sənədlər əsasında ayrılaraq öz sahiblərinə verilmişdir ki, bu da özəlləşəcək torpaqlardan pay almaq hüququ olan subyektlərin 99,7 faizi deməkdir. Keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar torpaq sahəsinin  1 milyon 393 min 274 hektarı, yəni 99,8 faizi pay torpağı kimi xüsusi mülkiyyətə verilmişdir.


Bələdiyyələrə yerquruluşu sənədlərinin verilməsi

Hesabat ilində Azərbaycan Respublikasının Milli Məclisində dövlət reyestri aparılaraq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 41 rayonu üzrə 262 inzibati ərazi dairəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması  və xəritələşdirilməsi işləri həyata keçirilmiş, 34 rayonu üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması  və xəritələşdirilməsi işlərinə başlanılmış və bundan 35 bələdiyyənin xəritələrinin hazırlanması işləri başa çatdırılmışdır.


Ərazi vahidləri və inzibati ərazi dairələrinin dövlət reyestri ilə bağlı  xəritələrin hazırlanması  

Hesabat ilində respublikanın  18 rayonunun 76 (bundan 31-i 2013-cü ildə başlanılan, 45-i 2012-ci ildən keçid) inzibati ərazi dairəsi üzrə rayon elektron kadastr xəritələrinin tərtib edilməsi üçün planalma işləri həyata keçirilmiş və bundan 69 inzibati ərazi dairəsinin xəritələri təhvil verilmişdir. Bununla belə, hesabat ilində 3 şəhər (bundan 2 şəhər üzrə 2013-cü ildə başlanılan, 1 şəhər üzrə isə 2012-ci ildən keçid) üzrə 15102 hektar sahədə torpaqların inventarizasiyası işləri, 2 rayon üzrə 20630 hektar sahədə təbii yem sahələrinin yaxşılaşdırılması məqsədilə layihə-axtarış işləri, 10 rayon üzrə 417895 hektar ərazidə (bundan 4 rayon üzrə 218702 hektar ərazidə 2013-cü ildə başlanılan, 6 rayon üzrə 228973 hektar ərazidə 2012-ci ildən keçid) irimiqyaslı torpaq tədqiqatı işləri, 12 rayon üzrə 208764 hektar ərazidə geobotaniki tədqiqat işləri (bundan 5 rayon üzrə 92708 hektar ərazidə 2013-cü ildə başlanılan, 7 rayon üzrə 116056 hektar ərazidə 2012-ci ildən keçid), 7 rayonda 107 obyekt üzrə torpaqların bonitirovkası və 20 rayonda 78 obyekt üzrə torpaqların iqtisadi qiymətləndirilməsi işləri, 50 rayon 2562 obyektdə torpaqların iqtisadi qiymətləndirilməsi üçün yeni mərhələnin başlanılması (2007-2012-ci illəri əhatə edən 5 ilin göstəriciləri üzrə) məqsədilə statistik məlumatların toplanılması işləri, torpaq, bitki və qurunt sularının kimyəvi təhlili məqsədilə 4 rayon üzrə torpaq tədqiqatı və 4 rayon üzrə geobotaniki tədqiqat işləri, 661 hektar (bundan 475 hektar otlaq sahəsi, 186 hektar karxana ərazisi) ərazidə torpaqların ekologiyası və rekultivasiyası layihələrinin hazırlanması işləri və 3 rayon üzrə 22167 hektar ərazidə isə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar yerquruluşu və torpaq tədqiqatı işləri həyata keçirilmişdir.


Vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı  torpaqların sənədləşdirilməsi

Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının  idarəçiliyindəki bağların altında olan torpaqların onların mülkiyyətinə verilməsi üçün 38 yaşayış məntəqəsi üzrə 17674 vətəndaşın adına, 802 keçmiş təsərrüfat üzrə 2332 vətəndaşın adına və müxtəlif növlü təsərrüfat formalarına isə 26658 ədəd torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır.


Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 422 saylı Fərmanı ilə təsdiq olunmuş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin tələbləri rəhbər tutularaq müfəttişlər tərəfindən "Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi" Qaydalarına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş aşağıdakı tədbirlər həyata keçirilmişdir.

2013-cü ildə 422 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilmişdir ki, bundan 272 hal xəbərdarlıq (bildiriş) edilməklə aradan qaldırılmış, 150 inzibati xəta halı ilə bağlı protokol tərtib edilmiş, 15372,5 manat cərimə olunub, bundan 4065,5 manat ödənilib, 11307 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün müvafiq məhkəmələrə göndərilib. 422 hal fiziki şəxslər tərəfindən törədilmişdir.


İnnovasiyalar 

Komitə sədri qeyd etmişdir ki, Milli Məkan Məlumatları İnfrastrukturu - vətəndaşların, təsərrüfat subyektlərinin, dövlət və bələdiyyə orqanlarının məkan məlumatlarının ehtiyatlarına əlçatanlığını, həmçinin məlumatların istehsalı və istifadəsinin səmərəliliyinin artırılması məqsədilə onların ümumistifadəli qlobal informasiya şəbəkəsində yayımını və mübadiləsini təmin edən informasiya-telekommunikasiya sistemidir. Komitə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə əlaqədar bir sıra qanunvericilik və institusional təşəbbüslər hazırlamış, vahid elektron kartoqrafik əsas, zəruri standartlar və geoportalların hazırlanmasında, yeni nəsil geoxidmətlərin təqdim olunmasında önəmli addımlar atmışdır.  

Məlumdur ki, Torpaq inzibatçılığı dedikdə torpaq və onunla əlaqəli ehtiyatların mülkiyyət hüququ, qiymətləndirilməsi və istifadəsi haqqında informasiyanın qeydiyyatı və yayılması prosesləri başa düşülür. Komitənin başlıca hədəflərindən biri kimi 2020-ci ilədək Azərbaycanda mükəmməl torpaq inzibatçılığı sisteminin formalaşdırılmasıdır. 

Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətə uyğun olaraq Komitə Aparatının və tabelikdə olan qurumların strukturlarına yenidən baxılmış və müasir tələblərə cavab verən struktur vahidləri formalaşdırılmışdır. Komitənin Aparatında Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır.


Vətəndaşların müraciətlərinə baxılması

Torpaq məsələləri ilə əlaqədar hesabat ilində 3786 ərizə-şikayətlərə, o cümlədən 769 təkrar müraciətlərə, 1300 xüsusi nəzarətə alınmış şikayətlərə baxılıb müvafiq tədbirlər görülmüşdür. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında respublikanın 9 regionu üzrə yerlərdə tərəfimdən vətəndaşların qəbulu keçirilmiş və bu barədə hesabatlar təqdim edilmişdir. 2013-cü il üzrə qəbul zamanı 1300-ə yaxın vətəndaşın torpaqla bağlı məsələlərinə aydınlıq gətirilmiş və bu məqsədlə 218 vətəndaşın müraciəti dinlənilmişdir. Komitənin səlahiyyətlərinə aid işlər qəbul zamanı tapşırıqlarımla qısa müddətə icra olunmuş, digər təşkilatlara aid məsələlərlə bağlı isə aidiyyəti üzrə rəsmi məktublarım göndərilmişdir. 


Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə həyata keçirilən işlər 

Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli Sərəncamlarının və Nazirlər Kabinetinin "Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında" 2002-ci il 23 oktyabr tarixli 233 nömrəli Sərəncamının icrası məqsədi ilə 2013-cü ildə Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı dövlət sərhədində delimitasiya ilə bağlı razılaşdırılmamış sahələr üzrə ekspertlər səviyəsində işlər davam etdirilmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində demarkasiya üzrə işlərə start verilmişdir. Belə ki, 2013-cü ilin may ayında  Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət sərhədlərinin demarkasiyası ilə bağlı Dövlət Komissiyalarının ilk iclası keçirilmişdir. Hal-hazırda ekspertlər səviyəsində demarkasiya ilə bağlı normativ sənədlər hazırlanır.

Bununla belə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılmışdır.

Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bölməsi işlərində də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəal iştirak edir. Bildiririk ki, bu günə qədər Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən edilmişdir. Digər ölkələr ilə İran və Türkmənistanla Xarici İşlər Nazirliyinin təşkil etdiyi ikitərəfli görüşlərdə mütəxəssislərimiz iştirak edirlər.


Torpaq müsabiqələri və hərracları  

"Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Komitə tərəfindən 2013-cü ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2628 hərrac və müsabiqə təşkil olunmuşdur. Torpaq bazarında hərrac və ya müsabiqələrin Komitə tərəfindən təşkil edilməsi respublikada torpaq münasibətlərinin tənzimlənməsinə və daha da təkmilləşdirilməsinə zamin yaratmaqla yanaşı, torpaqların mühafizəsi və istifadəçiliyi sahələrində dövlət nəzarətinin daha da gücləndirilməsi işlərində ciddi dönüş yaradacaq və bu sahədə şəffaflığı təmin edəcəkdir.


Məcburi köçkünlərə torpaq sahəsinin ayrılması

Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məcburi köçkün düşmüş  və çadır düşərgələrinə müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin müvafiq rayonların ərazilərində məskunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 saylı, 2001-ci il 07 sentyabr tarixli 577 saylı və 2002-ci il 13 may tarixli 700 saylı Fərmanlarından və həmin Fərmanlara müvafiq olaraq Nazirlər Kabinetinin müvafiq Sərəncamlarından  irəli gələn qaydada Komitə öz üzərinə düşən torpaq ayrılması ilə bağlı funksiyasını bu günə kimi yüksək səviyyədə yerinə yetirmişdir.

Belə ki, məcburi köçkünlərin məskunlaşdırılması məqsədi ilə qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün 2013-cü ildə Bakı şəhərinin Qaradağ   rayonunun ərzaisindən 13 hektar və Sabunçu rayonunun ərazisindən 15 hektar, Abşeron rayonu ərazisindən isə 120 hektar olmaqla, cəmi 148 hektar torpaq sahəsinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin hazırlanması və naturada sahələrin seçilib müəyyən edilməsi Komitə tərəfindən aidiyyəti orqanlarla birlikdə təmin edilmişdir.


Daşınmaz əmlakın qeydiyyatı layihəsi: 

2013-cü ildə Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi üzrə müvafiq işlər davam etdirilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi ilə və nəzarəti altında ölkə ərazisində Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması işləri tamamlanmışdır. Bu məqsədlə respublikamızın xüsusi seçilmiş yerlərində 37 ədəd Peyk Geodeziya Stansiyaları qurulmuşdur. 

Əldə edilən nəticələr göstərir ki, şəbəkə vasitəsilə alınan ölçülərin dəqiqliyi 1-2 sm-dir. Şəbəkənin idarəedilməsi mərkəzi Komitənin Dövlət Aerogeodeziya Müəssisəsində quraşdırılmışdır. Hesabat ilində Peyk Geodeziya Şəbəkəsi sahəvi fəaliyyəti üzrə maraqlı olan bütün fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada   istifadələrinə verilmişdir.

Bununla belə, qeyd etmək lazımdır ki, layihə çərçivəsində əldə edilmiş   1:1000, 1:5000 və 1:10 000 miqyaslı ortofotoxəritələr Komitənin müəssisələri ilə yanaşı, ölkənin aidiyyəti təşkilatları tərəfindən də geniş şəkildə istifadə olunur.  





Milli Atlas

Azərbaycan Respublikasının Milli Atlasının hazırlanması ilə əlaqədar müxtəlif adda 452 səhifə olmaqla tematik xəritələr, diaqram, mətn və cədvəllər hazırlanmış razılaşdırılması üçün aidiyyəti üzrə nazirlik və komitələrə göndərilmişdir. Azərbaycan Respublikasının Ensiklopediyasına daxil edilən (H-X) hərfləri üzrə 16 xəritə hazırlanaraq təhvil verilmiş, Gəncə şəhərinin turist planı hazırlanaraq 200 nüsxə nəşr edilmiş, Azərbaycanın Geoekoloji xəritəsi hazırlanaraq 200 nüsxə nəşr edilmiş, 1918-1920-ci il tarixi xəritəsi, Cavad uyezdi, Bakı uyezdi, Şamaxı uyezdi və Göyçay uyezdi xəritələri hazırlanmışdır. 1:2000 miqyasında 510 nomenklatura 15300 nüsxə, 1:5000 miqyasında 168 nomenklatura 5040 nüsxə, 1:10000 miqyasında 146 nomenklatura 8760 nüsxə, 1:25000 miqyasında 196 nomenklatura 25480 nüsxə və 1:50000 miqyasında 196 nomenklatura 25480 nüsxə olmaqla, cəmi 1216 nomenklatura topoxəritələr nəşr edilmişdir. 


İri taxılçılıq təsərrüfatlarının yaradılması

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədi ilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi altında Kənd Təsərrüfatı Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilmişdir.

Bu məqsədlə Respublikanın 20 rayonunun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilmişdir. Seçilən torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və sair vacib amillər nəzərə alınmışdır.

Aparılmış tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən cəmi 203129,0 hektar, o cümlədən dövlət fondu qış otlaqlarından 127609,0 hektar, dövlət ehtiyat fondundan 58186,0 hektar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4500,0 hektar və bələdiyyə mülkiyyətinə aid torpaqlardan isə 12834,0 hektar torpaq sahələri seçilmişdir.

Birinci növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulmuş və meliorativ layihələri hal-hazırda mövcud olan 57,0 min hektar ərazilərdə çöl-tədqiqat işləri başa çatdırılmış, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanmış xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim   olunmuşdur.  

İkinci növbədə əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazilərdə irimiqyaslı tədqiqatı və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunur.

Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 90 s nömrəli Qərarına əsasən taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin (o cümlədən Ağcabədi rayonunda 3300,0 hektar, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir.

Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü  ilin məhsulu üçün payızlıq buğda səpilmiş və bu sahələrin hər hektarından 55 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilmişdir.

 Nazirlər Kabinetinin 2013-cü il 03 aprel tarixli 64 s nömrəli Sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisindən ümumilikdə 1625,6   hektar ərazidə iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur. Bununla belə, həmin Sərəncamla Cəlilabad rayonunun ərazisindən 3874,4 hektar torpaq sahəsi  taxıl toxumçuluğunun inkişafı məqsədilə ayrılmışdır. Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli 254s nömrəli Sərəncamı ilə Xaçmaz rayonu ərazisindən 523 hektar torpaq sahəsi özəl pilot heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə ayrılmışdır.  

Bununla belə, 2014-cü ilin fevralın 5-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin yekun nitqində Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi ilə bağlı suvarılan torpaqların dəqiqləşdirilməsi tapşırılmışdır. Dövlət Yerquruluşu Layihə İnstitutu İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin   və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə bu tapşırığın icrasını qısa müddətdə təmin etməlidir. 

Geodeziya, topoqrafiya, kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti və bu fəaliyyətlə bağlı lisenziyaların (xüsusi razılıq) verilməsi


2013-cü ildə Komitə tərəfindən 7 hüquqi şəxsə "Kartoqrafiya" fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilmişdir.