news Image
2014.02.13
15:17
| A A A
Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının açılışı keçirilib

Ölkə başçısının diqqət və qayğısı sayəsində paytaxtımızın hər yerində olduğu kimi Bakı şəhərinin ən qədim qəsəbələrindən olan Bibiheybət qəsəbəsi də günbəgün yenilənir və inkişaf edir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və bu Proqrama Əlavə Tədbirlər Planına uyğun olaraq ötən il qəsəbədə yerləşən 50 saylı orta məktəb və 70 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, qəsəbədə yeni post məntəqəsi yaradılmışdır.


Dövlət Proqramının icrası ilə bağlı qəsəbədə aparılan bu işlərlə yanaşı keçən il 1 əsrə yaxın yaşı olan tikilidə yerləşən Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının da təmirinə başlanmışdır. Ümumi sahəsi 358,87 kv. m olan tikilinin çox köhnə və divarlarının xarici təsirlərdən aşınaraq ovulması ilə bağlı burada ilk növbədə bərkitmə-möhkəmləndirmə işləri aparılmış, mədəniyyət evi üçün əlavə otaq tikilmiş, binanın daxili hissəsi və dam örtüyü əsaslı təmir olunmuşdur. Binadaxili işıq, su və digər xətlər yenilənmiş, zalda yeni otaracaqlar quraşdırılmış, səhnə qurulmuş, dərnəklərdə məşğul olanlar və işçilər üçün otaqlarda lazımi şərait yaradılmışdır. Mədəniyət evi lazımi texniki avadanlıq və ləvazimatlarla təmin olunmuşdur. Hazırda mədəniyyət evində 5 nəfər təcrübəli mədəniyyət işçisi çalışır. Mədəniyyət evində keçirilən müxtəlif tədbirlərə qəsəbə sakinləri eləcə də Səbail rayonunun 20-ci yaşayış sahəsi ərazisində yaşayan sakinlər dəvət olunur, mədəniyyət evinin kollektivi tərəfindən bu ərazidə yerləşən orta məktəblər və digər yerlərdə də səyyari mədən-kütləvi tədbirlər təşkil edirlər.


Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı (Bibiheybət qəsəbə Kütləvi Kitabxanası) 1937-ci ildən fəaliyyət göstərir. Hazırda kitabxana 27 387 nüsxə kitab fonduna, 1783 nəfər oxucu sayına, 15 790 nüsxə kitab verilişinə malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir. Əsaslı təmirdən sonra burada oxucular üçün lazımi şərait yaradılmış, yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlar alınmışdır.


Mədəniyyət evi və kitabxana üçün əvvəllər olmayan yeni isitilik sistemi quraşdırılmış, 1 ədəd su anbarı tikilmiş, yola asfalt salınmış, ətraf ərazilər abadlaşdırılmışdır.


Səbail rayonu və Bibiheybət qəsəbəsinin ictimaiyyəti, qəsəbədəki orta məktəbin kollektivi, bələdiyyə üzvləri, ağsaqqalların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qəsəbədəki Mədəniyyət evi və kitabxananın əsaslı təmiri ilə bağlı həyata keçirilən işlər barədə məlumat vermiş, qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğı nəticəsində Bibiheybət qəsəbəsində son illərdə bir sıra sosial yönümlü işlər həyata keçirilmişdir. Natiq qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır


Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramlarının icrası nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Bakı şəhərində yeni


tikilmiş və ya əsaslı təmir olunmuş mədəniyyət ocaqları barədə məlumat vermiş, bu işlərin davam etdiriləcəyini bildirmişdir.


Qonaqlar mədəniyyət evi və kitabxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuş, işlərin keyfiyyətindən razı qalmışlar.


Sonra Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri üzvlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilmişdir.


Bibiheybət sakinləri qəsəbə üçün mühüm əhəmiyyət kəsb edən Mədəniyyət evi və kitabxananın əsaslı təmirinə, burada yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.