news Image
2014.02.13
20:29
| A A A
Azərbaycan XİN: Avropa Birliyi tərəfindən verilmiş bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton və AB-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Ştefan Fülenin Azərbaycanda qeyri-hökumət təşkilatları haqqında qanuna əlavə və dəyişiklikləri tənqid etməsinə münasibət bildirib.


APA-nın xəbərinə görə, E. Abdullayev bildirib ki, K. Eşton və Ş. Fülenin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-lərin və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanuna əlavə və dəyişiklərlə əlaqədar bəyanatı təəccüb və anlaşılmazlıq doğurur:

 

"Bu cür açıqlamalar verilərkən Avropa Birliyinin hansı "etibarlı" mənbələrə istinad etməsi maraq doğurur. Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılıb. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Ortaq rəy bundan ibarət olub ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcək. QHT-lərin və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa Birliyi ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə, bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır. Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının "İctimai iştirak haqqında" qanunu qəbul edilmişdir. "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barəsində nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanıb. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsil də nəzərdə tutulub. Azərbaycanda QHT və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa Birliyi tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir".