Əlaqə Arxiv
news Image
2014.02.14
13:52
| A A A
Bəzi bələdiyyələr ərazilərini tanımırlar
Rəcəb İmanov: «Torpaqların bələdiyyələr tərəfindən bir neçə şəxsə satılması da ondan irəli gəlir ki, bəzi bələdiyyələr vahid xəritədən düzgün istifadə də bilmirlər» Vüqar Tofiqli: «Bələdiyyələrə tutulan iradlarla yanaşı, gərək onlara metodik təklif və məsləhətlər də göndərilsin»

Məlumat verildyi kimi, bu günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması faktlarının mövcud olduğunu deyib. Onun sözlərinə görə, bəzən elə bələdiyyələr olur ki, hətta qonşu sahələrə sərəncam verir: "Bələdiyyədən sərəncam, möhürlü kağız almaq hüquqi sənəd demək deyil. Sənəd o vaxt olur ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sonra o, sənəd sayılır". Komitə sədri onu da bildirib ki, indiyə qədər 34 rayon üzrə 176 bələdiyyənin ərazi sərhədlərinin xəritəsi hazırlanaraq Milli Məclisə təqdim edilib, 35 bələdiyyənin xəritələrinin hazırlanması işi isə başa çatdırılıb.    

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov bələdiyyələrdə bu kimi halların baş verməsini torpaqların paylanması ilə bağlı xəritələrin ya ümumiyyətlə mövcud olmaması, ya da düzgün istifadə edilə bilməməsi bağlı olduğunu düşünür: "Bələdiyyələrin torpaq bölgüsü aparılan zaman ilk növbədə xəritələrin düzgün çəkilməməsi prosesi baş vermişdi. Sonradan DTXK tərəfindən bu xəritələrin elektron formaları hazırlandı. Elektron xəritələr çəkildikdən sonra problem nisbətən aradan qaldırıldı. Amma yenə də yaşanır. Hal-hazırda xəritələr çəkilib hazırdır.  Hətta məlumata görə, ölkədə olan bütün bələdiyyələr üçün elektronçəkmə artıq hazırdır. Problem həmin xəritələrin bələdiyyələrin özlərində olmaması ilə bağlıdır. Torpaqların bələdiyyələr tərəfindən bir neçə şəxsə satılması da ondan irəli gəlir ki, bəzi bələdiyyələr vahid xəritədən düzgün istifadə də bilmirlər. Nəinki, öz torpaqlarını düzgün satmır, bəzən özünün olmayan, başqa bələdiyyələrin səlahiyyətində olan torpaqları da satırlar. 

Bu problemin aradan qaldırılması üçün yeganə çıxış yolu ilk öncə bütün bələdiyyələrə elektron xəritələrin təqdim olunmasıdır. Bununla bağlı rəsmi prosedur qaydaları imzalanmalıdır ki, onlar o xəritəni alırlar və qanunvericilikdə nəzərdə tutulduğu kimi istifadə edəcəklər. Əks halda problem uzun müddət davam edəcək".  


Bələdiyyə üzrə ekpsert Vüqar Tofiqli isə, problemin həlli üçün təkliflər irəli sürülməli olduğunu deyir: "Qərib Məmmədovun dediyi sözlər faktlara söykənir. 2007-ci ilə kimi bələdiyyə sədrləri arasında elə şəxslər var idi ki, bir torpaq sahəsini bir neçə dəfə satır və bu kimi müəyyən cinayətə yol verir, neqativ hallara göz yumurdular. Amma 2007-ci ildə dövlət başçısının müvafiq fərmanı ilə "Bələdiyyə torpaqlarının  idarə  edilməsi  haqqında" qanuna edilən dəyişikliklərdən sonra torpağın satışının hərrac komisiyyasına həvalə edilməsindən sonra belə hallara son qoyuldu. Amma mən hesab edirəm ki, bələdiyyələrə tutulan iradlarla yanaşı, gərək onlara metodik təklif və məsləhətlər də göndərilsin. Nəticədə əhali və xidmət eləyən bələdiyyələr daha aşkar, qanunauyğun şəkildə fəaliyyət göstərə bilsinlər". 


Sizin Reklam Yeriniz