Əlaqə Arxiv
news Image
2014.02.14
19:55
| A A A
SEVİRSİNİZ? ELƏ İSƏ,TƏBRİK EDİRƏM!

Bəli,tarixi günlərə münasibət birmənalı deyil.Çoxları elə düşünür ki,keçmişə indekslənərək yaşamaq olmaz.Yəni,sadə dillə desək adamlar üzünü dünənə çevirəndə sabahın qayğısını daha az yaşayır və sanki özəl həyatlarından çıxıb da başqa bir ömrün əlavəsinə çevrilirlər.Burada qəti söz söyləmək olmur,çünki tarix üzərində hakimlik edə bilmirsən.


Lakin işğal ildönümləri,faciə yubileyləri fonunda hərdən hiss edirsən ki,insanlar yeni yolları açmağa meyilli deyillər,ənənəvi mağistralları qət etməyə aludədilər və o üzdən 3 əsr əvvəl söylənmiş fikrin,tarixi deyimin müasirliyini saxlamasına təəccüblənə bilmirsən.Sanki daş dövrünün adamlarına sadəcə iPhon,iPAD vermisən,amma kommunikasiya inqilabına baxmayaraq şüurlar köhnə minillikdə qalmaqda davam edir.


Lakin sevgi hissi həmişə özgürdür,azaddır,fərdidir,təzədir və ilahidir.Coğrafi məkanları tutmaq olur,əraziləri silah gücünə fəth edə bilirsən,lakin bir insanın qəlbinə hakimliyi zorla bacara bilməzsən.Biz zəncirlərini ən sonda sevən qullardan danışmırıq. Əgər insan dünyanı kiməsə görə qiymətləndirirsə,həyatını onun gölgəsində yaşayırsa,nə mutlu ona.


Sevgi rütbəsindən,sosial mənşəyindən və milli-dini fərqlərindən asılı olmayan fenomendir.Hamını bərabərləşdirən bu ruhi aktın əvəzi yoxdur.Mülkəri,var-dövlətləri eyniləşdirə bilərsən,lakin daxili dünyaların və ruhi aləmlərin maddi şkalasını yaratmağı bacarmazsan.Çünki hərənin öz iç identikliyi var və o kodu tapmadan qalanın qapısı üzünə bağlıdır.Mobil gerçəkliyimizdə hərə bir qurğunu özüylə daşıyır və elektromaqnit hadisəsi onlarla əlaqəyə imkan verir.İnsanlar da belədir.Onların hamısının fərdi ürək nömrəsi var və yalnız o dalğaları qəbul edəndə açılır,işləyir, varlığını göstərə bilir.Adamlar Yaradanını yalnız o hissə mübtəla olanda daha çox sevir və anlayırlar.


Azərbaycan cəmiyyətinin sevgiyə əşhədü-ehtiyacı var. Müharibənin qəddarlaşdırdığı və məğlubiyyət kompleksinin beyinlərə hakim kəsildiyi toplumlarda qonşu-qonşunun,dövlət qulluqçusu həmkarının paxıllığını edəndə onlara düşmən gərək deyil."Zəif bənd" sistemi içimizdə elə təbii qurulub ki,bəzən "insan-insan canavarıdır" formulunun hər zaman qüvvədə olacağına inanmağa başlayırsan.Bəs alternativimiz nədir?


Dünyada millətlərin mehribanlıq etalonu yoxdur və Venessualadakı kimi Sevgi Nazirliyi yaradıb da dövlət adından xalqları məcburi qardaşlaşmaya vadar edə bilməzsən.Təbii olmayan nə varsa,ən sonda məhvə məhkumdur.Təməli ülvi hislərlə qoyulmayan izdivaclar tərəflər üçün məşəqqətdir. Adamlara "ürəyinizin istək ünvanına gedin" desəydilər,bütün formal nikahların sonu çatardı.


Əmir Teymur içində inamı olmayan bəndələri "kafir" sayırdı.Lev Tolstoy isə dünyada nə qədər bəşər övladı var,bir o qədər də fərqli sevgilərin olduğuna inanırdı.


Əziz gənclik-bir anlıq ayaq saxlayıb zamanın sizlərə veridiy fürsəti dəyərləndirin.Boşanan ailələr statsistikasında ön yerə çıxmamızın səbəblərini aramağa çalışın. Bu gün ən ətirli mesajları bölüşərkən ,tər çiçəkləri paylaşarkən hissinizin saflğına bir daha əmin olun.Türklər demiş,Allah hamını tək yaratsa da tənha xəlq eləməyib.Hamının bir yarısı var və ruh ekizinizi tapıb da ömrün sonuna qədər onu daşımağa çalışın.Yoxsa,hər yeni ilə "ikinci bir baharı"n sevdasındə olacaqsız.


Sevgi Gecə Günəşinə bənzəyir.Hə,başınızın üstündədir,doğrudur, şüaları üzünüzə düşür,gerçəkdir,istisi lap uzaqdan-uzaqdan gəlib çatır,lakin şaxtası və sazağı da ürəkləri titrədir.Görünür, müqəddəs kitablarda Ruhun sirri ona görə açılmayıb ki,sevgi formulu tapılsa,həyat mənasını itirər.Dünya belə sirlərinə görə maraqlı dır,motivlidir,rəngarəngdir və əbədidir.


Hətta Valentin olmasaydı belə bu günü uydurmaq gərək olardı. Təkcə ona görə yox ki,ilahi hissləri bir günə indeksləyib əbədiləşdriməsək,sevgi yox olacaq.Xeyr,ən çox ona görə ki,bəşəriyyəti irəliyə aparan və onu məhvərindən çıxaran nə nüvə silahlarıdır,nə təbəqələşmədir,nə də ki,ağalıq hisləri.Ən pis cəmiyyət sevgisiz cəmiyyətdir!Heç olmasa bir inkişaf sütunu axtarırsınızsa,onda əbədi olan hissin üzərində qərar tutun və xilas olun!


Sevirsiniz?Elə isə bütün sevənləri təbrik edirəm!

Sizin Reklam Yeriniz