news Image
2014.02.14
19:35
| A A A
Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır
Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır.  Movqe.az-ın Ali Məhkəmənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamını məhkəmə sistemində inqilabi islahat adlandırmaq olar: "Mən bu sənədlə nəzərdə tutulan dəyişiklikləri əhəmiyyətinə görə 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlindəki məhkəmə-hüquq islahatları ilə müqayisə edərdim. Yaxın illərdə biz ədalət mühakiməsinin keyfiyyəti və texniki imkanlar baxımından tamamilə yeni məhkəmələrin şahidi olacağıq. Nəzərdə tutlan yeniliklər, ideya və prinsiplər məhkəmələrin fəaliyyətinin yeni standartlarını yaradacaq. Ümumilikdə, elektron məhkəmə sisteminin yaradılması "ASAN Xidmət"in fəaliyyət prinsiplərinin məhkəmələrin işində də tətbiqinə imkan verəcək. İnformasiya texnologiyalarının tətbiqi insanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək imkanını yaratmaqla yanaşı, həm də məhkəmələrdə süründürməçilik, sui-istifadə və digər neqativ halları, vaxt itkisini tamamilə aradan qaldırılacaq, ən başlıcası isə məhkəmələrin fəaliyyətini tam şəffaf edəcək".
Ali Məhkəməsnin sədri qeyd edib ki, yaradılmış telekommunikasiya infrastrukturunun, müxtəlif dövlət xidmətlərinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi təcrübəsinin təhlili göstərir ki, məhkəmə sistemində yeni texnologiyalardan istifadə edilməsi üçün ilkin şərtlər artıq mövcuddur və bu prosesi daha da genişləndirmək lazımdır. R.Rzayev bildirib ki, Prezidentin Sərəncamı ilə məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılması nəzərdə tutulur: "Vaxtilə üçpilləli məhkəmə sisteminin yaradılması üçün yeni Cinayət Prosessual, Mülki-Prosessual Məcəllələr və digər fundamental hüquqi sənədlər qəbul edilmişdi. Yeni elektron məhkəmə sisteminin qurulması da prosessual qanunvericiliyə mühüm dəyişikliklərin edilməsini və normativ-hüquqi bazanın informasiya texnologiyalarının tətbiqinə uyğunlaşdırılmasını şərtləndirir. İnformasiya sistemi fiziki və hüquqi şəxslərin məhkəmələrə müraciətlərinin, iddia ərizələrinin, müxtəlif məhkəmə instansiyalarına şikayətlərin elektron formada qəbul edilməsinə şərait yaradacaq. Yəni müraciət edənlərin şəxsən məhkəməyə gəlmək və ya zaman itkisinə səbəb olan poçt xidmətlərindən istifadə etmək zərurəti aradan qalxacaq. Istənilən şəxs kompüter arxasında ərizəni tərtib edərək düyməni sıxdığı anda sənəd ünvanına çatdırılmış olacaq. Bu insan hüquqlarının müdafiəsi mexanizmlərinin əhaliyə daha da yaxınlaşması deməkdir".
Məhkəmənin sədri xüsusilə vurğulayıb ki, sistem məhkəmələrdə baxılan bütün işlər üzrə icraatın elektron qaydada aparılmasını təmin etməlidir: "Bunu mülki iş üzrə nümunə əsasında izah etmək istərdim. Belə ki, ilkin mərhələdən, yəni məhkəməyə iddia ərizəsi təqdim olunduğu andan bütün sənədlər elektron qaydada tərtib olunur, bütün prosessual sənədlər elektron formatda yazılır, ifadələr elektron daşıyıcılara qeyd olunur, tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərir və qəbul edir. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcək. İstənilən halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə biləcək. Məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması və prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasının nə olduğunu təsəvvür edin. Hal-hazıradək prosesin sənədləşdirilməsi onun kağız daşıyıcıda protokolun tərtib olunması vasitəsilə həyata keçirilidi. Yeni sistem bizə imkan verəcək ki, proses elektron qaydada qeydə alınsın və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud daha sonra izlənilsin. Bu isə, proses iştirakçılarına məhkəmə baxışının elektron yazısına istinad etmək imkanı verəcək, baxışın heç bir hissəsinin diqqətdən kənarda qalmasına imkan verməyəcək. Məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunmasını qeyri-mümkün edəcəkdir. Vətəndaşların hüquqlarının səmərəli müdafiə edilməsi üçün effektiv vasitə qismində çıxış edəcəkdir".
Onun sözlərinə görə, məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada, yəni elektron poçt, mobil telefonlara göndərilən SMS məlumatlar, digər üsullarla göndərilməsi imkanı qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldırmış olacaq. Nə bəzi proses iştirakçıların qərarın onlara çatdırılmadığını bəhanə gətirə bilməyəcək, nə də bəzi hakimlər sənədlərin göndərilməsində süründürməçiliyə yol verə bilməyəcəkdir: "Sözsüz ki, bütün yeni texnoloji imkanların məhkəmələrdə təmin edilməsi mürəkkəb və uzunmüddətli prosesdir, müvafiq proqram təminatı hazırlanmalı, məhkəmələr müvafiq texnologiya ilə təmin edilməlidir, mütəmadi treyninqlər təşkil olunmalıdır və s. Qarşımızda olan iş həcmi böyükdür, lakin cənab Prezidentin bu sahədə göstərdiyi iradə bizə əlavə güc verəcək və işlərin sürətləndirilməsinə təkan olacaqdır".
R.Rzayev əlavə edib ki, informasiya sistemi məhkəmədə işlərin təyin olunduğu vaxtlar, proseslərin aparılacağı yer (məhkəmə zalları) və müvafiq hakimlər barədə məlumatların hər bir proses iştirakçısının sərbəst şəkildə əldə edə biləcəyi aşkar və sistemli şəkildə çatdırılması üçün elektron cədvəllərin tərtib olunmasına şərait yaradacaq. Proses iştirakçılarının vaxtlarını səmərəli təşkil etməyə və prosesin vaxtı barədə məlumatlandırılmama ilə əlaqədar yaranan mübahisələrin qarşısını almağa imkan verəcək. Qanunvericilik məhkəmələrdə işlərin hakimlər arasında obyektiv əsaslarla və bərabər şəkildə bölünməsini nəzərdə tutsa da, bəzi hallarda insanlar işlərin hakimlərə verilməsində qərəzliliyin olduğundan şikayət edirlər. Yeni sistem məhkəməyə daxil olan işlərin hakimlər arasında insan faktorunu istisna edən şəraitdə, avtomatlaşdırılmış bölgüsünün aparılmasını təmin edəcək: "Sistem xüsusi şəkildə proqramlaşdırılaraq prosessual müddətləri hesablayacaq və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatlar verməklə müddətlərə riayət olunmasına nəzarət etməyə imkan verəcək. İnformasiya sistemində hər bir proses iştirakçısı üçün "şəxsi kabineti"in yaradılması imkanı nəzərdə tutulmuşdur. Informasiya sistemi daxilində yaradılmış "şəxsi kabinet"lər vasitəsilə həm şəxsin iştirakçısı olduğu məhkəmə prosesinin gedişi və çıxarılan qərarlar barədə olduğu məkandan asılı olmayaraq operativ məlumat almaq imkanı təmin ediləcək, həm də konfidensiallıq qorunacaq, yəni şəxsi xarakterli məlumatların yayılmasının qarşısı alınacaqdır".
Onun fikrincə, Prezident İlham Əliyev "Elektron məhkəmə" informasiya sisteminin digər dövlət qurumlarında formalaşdırılan informasiya sistemləri ilə və "Elektron hökumət" portalı ilə inteqrasiya edilməli olduğunu qeyd etməklə özünün Azərbaycanda olan bütün dövlət orqanlarının fəaliyyətinə dair strateji baxışını göstərir. Məqsəd bütün dövlət qurumlarının vahid informasiya cəmiyyətində tam şəffaf, obyektiv və səmərəli şəkildə xalqa xidmət edən bir sistemin yaradılmasıdır.