Əlaqə Arxiv
news Image
2014.02.18
10:20
| A A A
Azərbaycan və Gürcüstan vahid gömrük informasiya sistemi yaradacaqlar

Azərbaycan və Gürcüstan gömrük buraxılış məntəqələrinin vahid informasiya sistemini hazırlayırlar. Bu barədə Trend-ə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin İKT Mərkəzinin (vergi və gömrük orqanlarının funksiyasını birləşdirən idarə) rəhbəri Vaxtanq Laşkaradze bildirib.

V.Laşkaradze deyib: "İdarəmiz azərbaycanlı həmkarlar, eləcə də ölkənin Dövlət Gömrük Komitəsi ilə fəal əməkdaşlıq edir. Fevralın əvvəlində "Qırmızı Körpü" gömrük-buraxılış məntəqəsi [Azərbaycan tərəfdən "Sınıq körpü" gömrük-buraxılış məntəqəsi] üzrə idxal və ixrac haqqında informasiya mübadiləsi sistemi test rejimində işə salınıb. Elə orada vahid gömrük postunun yaradılmasının pilot layihəsi işə salınıb".

Onun sözlərinə görə, bununla vaxta xeyli qənaət əldə olunacaq: "Mal göndərən ölkənin gömrükçüləri bu məlumatları operativ daxil edəcəklər və yük dövlətlərdən birinin ərazisinə daxil olan kimi bu dövlətin gömrük orqanları onun haqqında bütün informasiyaya malik olacaqlar".

Mərkəz rəhbərinin sözlərinə görə, gürcü tərəfi Azərbaycan DGK-nın nümayəndələri ilə görüşü zamanı bu sistemin fəaliyyət göstərməsi üçün artıq yaradılmış proqram təminatı ilə tanış olublar: "Azərbaycan və Gürcüstan gömrükçülərinin topladıqları məlumatların forma və tiplərinin vahid şəklə salınması üzrə işlər artıq 80 faiz başa çatıb. Əlbəttə, bu layihədə problemlərdən biri dildir, lakin bu məsələ də həll olunur".

O əlavə edib ki, əgər pilot layihə uğurlu olarsa, belə sistem Azərbaycan-Gürcüstan sərhədinin bütün gömrük məntəqələrində işə salınacaq: "Cari ilin martında Tbilisidə Avropa ölkələrinin gömrük idarələri rəhbərlərinin görüşü keçiriləcək. Biz ümid edirik ki, məlumat mübadiləsi sisteminin işəsalınmasına dair müvafiq saziş üzərində iş bu vaxta kimi başa çatacaq və o, həmin tədbir çərçivəsində imzalanacaq".

Azərbaycan və Gürcüstan arasında Balakən və Tovuz gömrük idarələrinin tabeliyində altı gömrük postu fəaliyət göstərir. Bunlar "Sadıxlı", "Sınıq Körpü", "Candargel", "Mazımçay", "Muğanlı" avtomobil və "Böyük Kəsik" dəmiryol postlarıdır.

Sizin Reklam Yeriniz