news Image
2014.02.18
10:40
| A A A
QMİ sədri Səudiyyə Ərəbistanına səfər edəcək

Səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. 


Bu barədə Anspress-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, Səudiyyə Ərəbistanına səfərin məqsədi builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etməkdən ibarətdir. 


Rəhimə Dadaşova səfər çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyini deyib. Səfər çərçivəsində A.Paşazadə Səudiyyə krallığının Həcc naziri ilə də görüş və builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilməzi nəzərdə tutulub.


Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanacaq. Sənəddə builki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələləri, eyni zamanda zəvvarların ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirmələri ilə bağlı məsələlər öz əksin tapacaq.