news Image
2014.02.18
11:59
| A A A
Bakıda sürüşmə zonaları aktivləşib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda mövcud olan aktiv sürüşmə zonalarındakı vəziyyət barədə məlumat açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) paytaxt Bakıda mövcud olan aktiv sürüşmə zonalarındakı vəziyyət barədə məlumat açıqlayıb. Nazirliyin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində müşahidə olunan qarlı havadan sonra Masazırdakı sürüşmə sahəsində aktivləşmə qeydə alınıb. Onun sözlərinə görə, aktivləşmə nəticədə bir neçə gün öncə orada yerləşən "Neaopol" restoranın arxasındakı torpaqda kiçik ölçülü lokal sürüşmə sahəsi yaranıb: "Bu, qardan sonra onun əriməsi nəticəsində baş verən hadisədir. Sürüşmə sahəsinin eni 25-30 metrə, qırılma qaşı 5-6 metr olub. Hazırda ərazidə vəziyyət stabildir və müvafiq araşdırmalar davam etdirilir".

 

S.Əmiraslanov qeyd edib ki, Əliağa Şıxlınski küçəsi ilə Gəncə prospektindəki sürüşmə zonasında tikinti, təmir-bərpa işləri həyata keçirilib və orada ciddi dəyişiklik yoxdur. Onun sözlərinə görə, Əhmədli-1, Nəsrəddin Tusi və Gəncə prospektində olan sürüşmə sahələrində də ciddi aktivləşmə yoxdur: "Ümumilikdə, qarlı, yağışlı və şaxtalı hava şəraitindən sonra respublikada olduğu kimi, paytaxtın da sürüşmə zonalarında aktivləşmələr mövcuddur. Lakin respublika ərazisində ciddi dəyişiklik yoxdur və sürüşmə sahələrindəki aktivləşmələr ciddi fəsadlar törətməyib".