news Image
2014.02.18
16:48
| A A A
Xədicə İsmayıl bu gün prokurorluqda ifadə verəcək

Jurnalist Xədicə İsmayıl bu gün Baş Prokurorluqda ifadə verəcək. Bu barədə APA-ya X.İsmayıl özü məlumat verib. X.İsmayıl bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bu gün saat 18.30 gedəcək. O bildirib ki, idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi Sənan Paşayevin imzası ilə çağırış vərəqəsi alıb. Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.