news Image
2014.02.19
10:09
| A A A
Azərbaycan hərbi vertolyot bazasıın daha güclü hala gətirir
Üzeyir Cəfərov: “Hər iki vertolyotun hərbi hava qüvvələrinin döyüş hazırlığı üçün böyük önəmi var” Tərlan Eyvazov: “Vertolyotlar döyüşdə çox lazımi hərbi texnikadır”

Ötən ildən başlayaraq ölkəmiz Türkiyənin T-129 ATAK döyüş helikopteri ilə yaxından maraqlanır. Türkiyə tərəfi T-129 ATAK helikopterini 2014-cü ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində əyani nümayiş etdirmək niyyətindədir. Azərbaycanın isə həmin vertolyotu arsenalına daxil edəcəyi istisna edilmir.  Onu da xatırladaq ki, ölkəmiz bu günlərdə Rusiya istehsalı olan  Mi-35M döyüş helikopterlərinin alınması prosesini də başa çatdırıb.  Ekspertlərin fikrincə, bu vertolyotların hər birinin özünə xas döyüş xüsusiyyətləri var. Digər tərəfdən hərbi aviasiya sahəsində görülən bu işlər düşmən üzərində üstünlüyümüzü daha da  artırır.

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, hər iki vertolyot hərbi hava qüvvələrimiz üçün çox əhəmiyyət daşıyan maşınlardır: "Hər ikisinin geniş imkanları var. Ona görə də bu gün Dövlət Sərhəd Xidmətinin balansında olan Mi-35M döyüş vertolyotları istənilən vaxt Müdafiə Nazirliyinə də verilə bilər. Türkiyə istehsal olunan T-129 vertolyotlarının da çoxfunksionallıq tərəfdən həm etibarlılıq, həm də manevr imkanları baxımından özəllikləri var. Maraqlar göstərir ki, yəqin yaxın zamanlarda Azərbaycan həmin vertolyotları da alacaq. Hər iki vertolyotun hərbi hava qüvvələrinin döyüş hazırlığı üçün böyük önəmi var. İstənilən istehsal olunmuş hərbi texnika bir sıra parametrlərinə görə ordu üçün rahat istifadə olunmalıdır. Onun texniki parametrləri tələb olunan səviyyədə olmalıdır. T-129 helikopterləri Türkiyə silahlı qüvvələrində özünü artıq doğruldub. Niyə də Azərbaycan silahlı qüvvələrində olmasın? Rusiyanın Mi-35M helekopterləri isə modernləşdirilib. Bu gün o, ən yeni vertolyotlar sırasına daxildir. Lazım gələrsə, döyüş bölgəsində də onların istifadə edilməsi mümkündür. Bütövülkdə Azərbaycan zaman-zaman ağır və yüngül silahlarının yenilənməsi prosesini həyata keçirir".

Digər hərbçi-ekspert Tərlan Eyvazov hesab edir ki, bu vertolyotların alınması həm də siyasi və diplomatik əhəmiyyət daşıyır: "Hər bir uçan aparatın özünə məxsus funksiyası var. Rusiya istehsalı olan Mi-35M vertolyotları döyüş zonalarında özünü keyfiyyətinə görə fərqlənib. Türkiyə istehsalı olan T-1292 vertolyotları isə kiçikliyi və daha çox mobilliyi ilə fərqlənirlər. Yəni, hər birinin öz təyinatı və istiqaməti var. Digər tərəfdən də bunun siyasi anlamı var. Türkiyə bizim bir nömrəli hərbi tərəfdaşımızdır. Rusiyadan da müvafiq şərtlər daxilində alış həyata keçirməliyik". 

Ekspert bildirdi ki, vertolyotlar döyüşdə çox lazımi hərbi texnikadır: "Hətta təyyarədən də daha çox vacib görünə bilər. Çünki, atəş nöqtələrini daha yaxşı görür. Həmçinin insanların daşınması, onlara müvafiq silah-sursatın, ərzağın çatdırılması üçün vacib maşındır. Vertolyotlar hər bir nöqtədə qalxıb-enə bilmə funksiyasına malikdir. Amma təyyarələrin elə bir imkanı yoxdur. Təbii ki, daxildə də vertolyotlardan istifadə ediləcək. Ancaq bunlar Müdafiə Nazirliyinin xətti ilə alınırsa, deməli, müdafiə işlərinin həyata keçirilməsi üçündür".