news Image
2014.02.19
10:57
| A A A
İki çörək sexi bağlandı

Balakəndə bir neçə çörək istehsalı sexində standartların tələblərinin pozulduğu aşkar edilib. Movqe.az-ın verdiyi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən fiziki şəxs Qarayev Şamil Ramazan oğlu və fiziki şəxs Akqubayev Saleh Mollaisa oğluna məxsus çörək istehsalı sexlərində dövlət nəzarəti tədbirləri görülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, antisanitariya vəziyyətində işləyən müəssisələrdə çörək istehsalı müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan aparılır. Bundan başqa müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyasının və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, sınaqların aparılmadığı aşkar edilib. Bu da məhsulun keyfiyyətinə zəmanət verilmədiyinə sübutdur. O cümlədən, müəssisələrdə saxlanma şəraitinə əməl olunmadığı, məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin olunmadığı müəyyən edilib.

Nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə, çörəyin istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.