Əlaqə Arxiv
news Image
2014.02.19
18:09
| A A A
55 ailə “Sovetski”dən köçməyə razılaşıb

Fevralın 19-dək 55 ailə Bakının "Sovetski" məhəlləsindən köçməyə razılıq verib. Bunu "Media forum" saytına Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, "Sovetski" məhəlləsinin köçürülməsi üzrə komissiyanın sədri Səməd İslamov bildirib. O deyib ki, 55 ailə ilə müqavilələr imzalanıb və evlərinin sökülməsinə görə onlara çatacaq kompensasiya bank hesablarına köçürülüb. Həmin 55 ailədən 30-u artıq pulunu bankdan çıxarıb. Səməd İslamov qeyd edib ki, köçməyə razılaşmış 55 ailənin əksəriyyəti mənzil sahəsi geniş olanlardır və onlar böyük məbləğdə kompensasiya alıblar. Komissiya sədri deyib ki, ərazidə sökülməsi planlaşdırılan obyektlərin qiymətləndirilməsi hələ aparılmayıb: "Baş nazirin müavini Abid Şərifovun və digər rəsmilərin fevralın 18-də "Sovetski" sakinləri ilə keçirdikləri görüşdə obyektlərin qiymətləndirilməsi məsələsi də qaldırıldı. Hələlik obyektlərin sahəsini ölçməmişik və qiymətləndirməmişik. Obyektlərin hər kvadratmetrinə görə neçə manat kompensasiya təklif olunacağı dəqiqləşməyib. Bununla bağlı müəyyən suallar, problemlər var və hələlik həllini tapmayıb. Ərazidə elə obyektlər var ki, sahəsi 5-10 kvadratmertdir və sakinlər oradan çörək pulu qazanırlar. Belə obyektlərin sahibləri deyirlər ki, onlar təklif olunan 7-10 min manat kompensasiya ilə başqa yerdə bir iş görə bilməzlər. Hər halda bu obyektlər şəhərin mərkəzində yerləşir. Vətəndaşlar da bəzi məsələlər qaldırıblar. Hesab edirəm ki, bütün bu məsələlər martın 3-də, "Sovetski" sakinlərinin qaldırdığı məsələlərə, irəli sürdükləri təkliflərə rəsmi cavab veriləndə həllini tapacaq. İşi mərhələ-mərhələ həyata keçirməyi planlaşdırırıq. Təkliflərə martın 3-də cavab verilməsi 18 fevral görüşündə razılaşdırılıb. Baş nazirin müavini Abid Şərifov müvafiq dövlət orqanlarına matın 3-dək təklifləri araşdırıb rəy verməyi tapşırıb. Səməd İslamov "Media forum"a bildirib ki, təklifləri araşdıran qurumlardan biri də Yasamal Rayon İcra Hakimiyyətidir. Bütün rəy və təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Abid Şərifovun rəhbərlik etdiyi komissiya rəylərlə tanış olacaq və martın 3-də sakinlərə rəsmi cavab veriləcək. Səməd Pənahovun sözlərinə görə, "Sovetski" sakinləri köçürüləndən, tikililər söküləndən sonra bu ərazidə yaşayış binaları inşa olunmayacaq: "Ərazidə yalnız istirahət parkları salınacaq və sosial obyektlər tikiləcək".

Sizin Reklam Yeriniz