news Image
2014.02.20
16:26
| A A A
Məktəb direktorlarına şad xəbər

Azərbaycanda orta məktəblərin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması məsələsinə həmin məktəbin direktoru tərəfindən baxılacaq.Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na əlavə edilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr verib. Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Ona görə də ümumi təhsil müəssisələrinin direktor müavinləri tutduqları vəzifədən azad edilərkən onların məktəbdə müəllim kimi işdə saxlanılması və ya həmin məktəbdə müvafiq vakant yer olmadıqda tələbat olan digər məktəbdə müəllim kimi işlə təmin edilməsi məsələsinin tənzimlənməsində çətinliklər yaranır. Bunu nəzərə alaraq, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na yeni bənd əlavə edilib. Bu əlavəyə əsasən, ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.