news Image
2014.02.20
21:37
| A A A
Pakistanda Xocalı bəyannaməsi

Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə hazırlanan bəyannaməni Pakistanın 100-dən çox tanınmış ictimai-siyasi xadimi imzalayıb

Pakistan ictimai-siyasi xadimi Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə bəyannamə qəbul ediblər.

Bəyannamə Senatın sədr müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icraedici orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, aviasiya marşalı, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla, 100 nəfərdən çox insan tərəfindən qəbul edilib.


Azərbaycanın Pakistandakı səfirliyinin yaydığı məlumata görə, bəyannamədə SSRİ-nin süqutundan sonra müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı və təcavüz nəticəsində Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu bildirilib. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qara səhifəsi olduğu qeyd edilib.


Vurğulanıb ki, erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış Xocalı fevral ayının 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının bir başa iştirakı ilə hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı 613 nəfər öldürülmüş insanların arasında 83 uşaq, 106 qadın olub. Onlardan 56 nəfəri xüsusi amansızlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.


Bəyannamədə qeyd edilib ki, 22 aprel 2010-cu il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Xocalıda törədilmiş qırğını "...hərbi cinayət və ya insaniyyətə qarşı cinayət" adlandırıb. Qırğının miqyası və ağırlığı nəzərə alınaraq bu cinayətdə əli olanların məsuliyyətə cəlb edilməsinin qaçılmaz olduğu vurğulanıb.


Sənəddə Ermənistanın işğalçı qüvvələrinin bütün zəbt olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına, həmçinin digər müraciətlərə məhəl qoymadığı bildirilib.


Pakistan Senatı 1 fevral 2012-ci il tarixli qətnaməsində Xocalı soyqırımını tanıyaraq, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb edib, həmçinin 5 may 2013-cü il tarixli qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. 


Bəyannamə "Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT TŞ-nin qətnamələri əsasında ədalətli və sülh həllinə çağırır. Biz davamlı sülhün bərqərar olması naminə beynəlxalq ictimaiyyəti Dağlıq-Qarabağ məsələsinə biganə qalmayaraq, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq. Pakistan xalqı hesab edir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi münaqişəli məsələlərin ədalət və sülh prinsipi əsasında həll olunmayacağına qədər dünyada sülh təhlükə altında qalacaqdır" sözləri ilə yekunlaşıb.