news Image
2014.03.02
18:40
| A A A
Avtobus sürücüləri imtahanla seçiləcək

"Daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq və yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənər xüsusi imtahan əsasında seçiləcək". Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirdi. Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov qeyd etdi ki, bu variant ona görə tətbiq olunacaq ki, işindən bezən, maaşı ilə razılaşmayan sürücü işindən getsə sabah bizdə kadr çatışmazlığı yaranmasın. Belə hallar baş verdikdə boş yerləri həmin sürücülük bazasından yararlanıb kurslarda kateqoriya alan sürücülər tutacaq.


Namiq Həsənov deyir ki, yeni qaydaları tətbiq etmək üçün artıq nazirlik tərəfindən müvafiq addımlar atılıb. Hazırda sürücülərin hazırlanması üçün Dərnəgül şossesində tədris kurs kombinatı fəaliyyət göstərir ki, sürücü olmaq istəyən şəxslər orada müvafiq kurslar keçərək müəyyən kateqoriyaları almaq üçün imtahan verəcəklər. Yeni qaydaların tətbiqindən sonra sürücülər "Avtomobil nəqliyyatı qaydaları haqqında qanun"nun tələb etdiyi müddəalar əsasında seçiləcək. Namiq Həsənov bildirdi ki, gələcəkdə adi vətəndaşlar Dövlət Qulluğuna imtahan verib hansısa peşəyə yiyələndiyi kimi sürücü olmaq istəyənlər də eyni qaydada imtahan verəcəklər. Sürücülüyə sonuncu peşə kimi baxmaq olmaz. Nəqliyyatda sürücülərin məsuliyyəti böyükdür, onlar insanların həyatına cavabdehdir, ona görə də peşəkar sürücülərin imtahan əsasında seçilməsi vacib şərtdir. Yaşı 21-dən aşağı olmayan, 3 il sürücülük təcrübəsi olan "D" kateqoriyalı peşəkar sürücülərə ehtiyac var. Buna görə onlar müraciət edə bilərlər. Namiq Həsənov deyir ki, 2015 ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya oyunları ərəfəsində ictimai nəqliyyatda işləyən sürücülər üçün ingilis və rus dillərində xüsusi kurslar təşkil ediləcək. Bununla da sürücülərin xarici qonaqlarla rahat ünsiyyəti təmin edilmiş olacaq.