news Image
2014.03.03
09:54
| A A A
Hökumətin “Sovetski” sakinlərinin təkliflərinə cavabı açıqlanıb-YENİLƏNİB
Görüşdə hökumət nümayəndələri də iştirak edir

Yasamal Rayon İcra Hakimiyyətində Bakının "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.  Movqe.az-ın verdiyi məlumata görə, görüşdə Yasamal Rayon İcra başçısının birinci müavini Səməd İslamov Təşkilat Komitəsinin suallarına hökumət tərəfindən verilən cavabları oxuyub. İlk olaraq bildirilib ki, bu ərazidə torpaqlar dövlət ehtiyacları ilə bağlı qanunvericiliyə uyğun alınmır, yalnız dövlət əhəmiyyətli yolların çəkilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərinin tikilməsi məqsədilə dövlət ehtiyacı üçün torpaq alınır. Yasamal rayonunda yol infrastrukturunun genişləndirilməsi üçün aparılacaq tikinti üçün isə Mülki Məcəlləsinin 565-ci maddəsinə uyğun alqı-satqı ilə həyata keçiriləcək. Buna görə də sakinlərdən mənzillərin könüllü alınması nəzərdə tutulub. Mənzillərin hər 1 kv.m üçün 3500-4000 min manat təklifinə gəlincə, bununla bağlı cavabda bildirilib ki, Mülki Məcəllənin 139.1 maddəsinə görə, satın alınması nəzərdə tutulan evlərin bir hissəsinin "kupça"ların olmamasına baxmayaraq, sakinlərin uzun müddət yaşaması, mərkəzə yaxınlığı nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə bu mənzillərin sahiblərinə ödəniş verilməsi barədə tapşırıq verilib. Digər tərəfdən, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti mövcud tikinti normalarına, yaşayış normalarına uyğun gəlmir. Kommunikssiya sistemləri yaxşı vəziyyətdə deyil. Son dövrlərdə daşınmaz əmlakların hər birinin 1 kv m.-nin 1500 manatdan az olması müəyyən edilib. Buna baxmayaraq, sakinlərə 1500 manat təklif olunur və bu, bazar qiymətinə uyğundur. Sakinlərin təklif etdiyi 3500-4000 manatın reallığa uyğunluğu isə yoxdur. 100 sakin həmin vəsaiti bankdan götürüb. Obyektlərini həmin qiymətə satmaq üçün xeyli müraciət edən də var. Hər bir ailəyə fərdi yanaşma ilə bağlı təklifə gəlincə, cavabda qeyd edilib ki, satınalma mənzil sahibləri ilə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək. Razılaşma olduqda, məbləğ sakinlərin hesabına köçürüləcək və bu zaman mənzildə qeydiyyatda olanların sayı nəzərə alınmır. Söküntü zamanı divarların, soba yerinin və s. sahəsinin də nəzərə alınmasına gəlincə, bununla bağlı cavabda bildirilib ki, məsələ Mülki Məcəllənin 59-cu maddəsinə əsasən tənzimlənir. Sahə otaqların, mətbəx və şüşəbəndlərin sahəsi də daxil olmaqla hesablanır, divarların, sobanın yerləşdiyi sahə mənzil sahəsinə aid edilmir. Satınalma zamanı mənzillərin yerləşmə sahəsi, təmirinin nəzərə alınması, fərdi yanaşma olmasına gəlincə, cavabda vurğulanıb ki, satın alınacaq obyektlər üçün təklif edilən 1500 manat təmir nəzərə alınaraq müəyyən edilib. Söküntü zaman əhalinin məişətinə hər hansı təsir gösərilməməsi ilə bağlı təklifə cavab olaraq bildirilib ki, mülkiyyətçilərlə razılaşma əldə edilməli və kompensasiya ödənilməlidir, bundan sonra müvafiq söküntü işləri başlana bilər. Sakinlərin şəhərin mərkəzində mənzillərlə təmin edilməsi təklifinə də müsbət cavab verilməyib. Qeyd olunub ki, torpaqlar dövlət ehtiyacı üçün alınmadığı üçün mənzil sahibləri ilə münasibətlər Mülki Məcəllə ilə tənzimlənməlidir. Sakinlərin güc tətbiq edilməməsi ilə bağlı istəyinə isə müsbət cavab verilib.Bildirilib ki, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər razılığa gəldikdə müqavilə bağlanmış sayılır, razı olmayan sakinlər əvvəlki qaydada yaşamağa davam edə bilərlər. Təşkilat Komitəsinin üzvləri ilə müzakirə davam edir.


Yenilənib-16:00 

Yasamal Rayon İcra Hakimiyyətində Bakının "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb. Movqe.az xəbər verir ki, görüşdə baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər rəsmilər iştirak edirlər. Qeyd edək ki, Bakının "Sovetski" kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər. Fevralın 18-də sakinlərlə baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirilib. Görüşdə Təşkilat Komitəsi tərəfindən hökumətə 9 təklif təqdim edilib. Sakinlərin təkliflərinə hökumət tərəfindən martın 3-də cavab veriləcəyi bildirilib.


***

Bakının "Sovetski" kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə bu gün martın 3-də yazılı cavab verilməlidir. "Sovetski"də yaşayan sakinlərə bu gün hansı cavabın veriləcəyini öyrənmək məqsədilə Movqe.az Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətində Sovetskidə söküntü ilə əlaqədar yaradılmış Komissiyanın üzvü Fərid Məmmədov Movqe.az-a açıqlamasında bildirib ki, hazırda başçı iclas keçirir: "Hələki yekun qərarın nə olduğunu biz də bilmirik. Yəqin ki, bu gün ya qərar rəsmi açıqlanacaq, yaxud da sakinlərlə görüş keçiriləcək. Amma bu gün məlumat veriləcək. Ola bilsin ki, qərar günortadan sonra açıqlansın".
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərdən ibarət təşkilat komitəsinin üzvləri ilə görüş barədə də açıqlama verərkən bildirmişdi ki,komitə üzvlərinin müəyyən xahişi olub və yazılı şəkildə təqdim olunub: "Onlara bildirildi ki, martın 3-də həmin xahişlərin hamısına yazılı cavab veriləcək. Hansı vətəndaş cavabımızla razı olacaqsa, sözsüz ki, qanun çərçivəsində notarius və bank vasitəsilə pulunu alacaq. Kim ki razı olmayacaq, həmin sakinlərə fərdi yanaşılacaq, onun evi sökülməyəcək, orda istədiyi qədər yaşayacaq. Bununla belə, bizim son qərarımız martın 3-də olacaq və bu barədə əhali məlumatlandırılacaq".

H.Abutalıov bildirib ki, hökumət sakinlərin indikindən daha yaxşı ərazidə və şəraitdə yaşamasına çalışır: "Həm də bu sahələr abadlaşdırılacaq, geniş yollar, gözəl istirahət zonaları salınacaq. Əmin edirəm ki, o ərazidə heç bir tikinti işləri aparılmayacaq".