news Image
2014.03.06
16:07
| A A A
Metropolitenin yeni sədri planları açıqladı

Martın 6-da "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov "Media forum" saytının suallarını cavablandırıb. "Bakı Metropoliteni" QSC fevralın 27-də prezident İlham Əliyevin sərəncamı əsasında, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Bakı Metropolitenin və "Azərtunelmetrotikinti"nin bütün hüquq və öhdəlikləri, habelə əmlakı "Bakı Metropoliteni" QSC-yə keçib.

- Yeni sədr kimi metropolitenlə bağlı planlarınız nədən ibarətdir?

- Hörmətli prezident İlham Əliyev məni "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. Cənab prezidentin digər sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. İnşallah, sərəncamında qeyd olunanların hamısını yerinə yetirəcəyik.

- Yeni qurumun strukturu necə olacaq?

- Bu məsələlər sərəncamda qeyd olunub, təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim olunması üçün müəyyən vaxt verilib. Biz də göstərilən müddətdə təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcəyik.

- Zaur müəllim, metro stansiyaları keçidlərində olan ticarət köşkləri yığışdırılacaqmı?

- Metrodakı əsas məsələ bu deyil. Əsas məsələ metronun təhlükəsiz və dayanaqlı işləməsini təmin etməkdir. Digər məsələlərin hamısı həll olunacaq.

- Metroda qatarların hərəkəti arasındakı intervalı azaltmaq mümkün olacaqmı?

- İntervalın azaldılması üçün metroda kompleks şəkildə bir neçə məsələ həll olunmalıdır. Bununla bağlı böyük işlər görülməldir. Bu işləri planlaşdırırıq və inşallah, həyata keçirəcəyik. İntervalı da azaldacağıq.

- Metroda gediş haqqına yenidən baxılması gözlənirmi?

- Metroda gediş haqqını "Bakı Metropoliteni" tənzimləmir, qiymətləri biz müəyyənləşdirmirik. Qiymət siyasəti hökumət səviyyəsində həll olunan məsələdir. Qiymətləri istər indiki səviyyədə saxlamaq, istərsə də artırıb-azaltmaq bizim səlahiyyətimizə daxil deyil. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Nə zaman hansı qərara gəlinəcəksə, biz onu icra edəcəyik.