news Image
2014.03.07
10:29
| A A A
Mikayıl Cabbarov lisenziya şərtlərini yumşaltdı

Azərbaycan Təhsil Nazirliyi fiziki və hüquqi şəxslərə təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziyaların verilməsi prosedurunu sadələşdirib. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, əvvəllər lisenziyanın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə prosedurlar mövcud idi ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olurdu. Təhsil Nazirliyinin 05.12.2013-cü il tarixli, 908 nömrəli əmrinə əsasən isə təhsil müəssisələrinə lisenziya verilməsi ilə bağlı xüsusi ekspert qrupu yaradılıb. Həmin qrup təhsil müəssisələrinə lisenziya verilməsi ilə bağlı daxil olan müraciətlərə obyektiv baxılması, müəssisənin lisenziyanın verilməsi şərtlərinə cavab verib-verməməsinin araşdırılması, o cümlədən tədris üçün yaradılmış şəraitin yerində öyrənilməsi, maddi-texniki bazasının dövlət standartlarının tələblərinə uyğunluğunun və pedaqoji kadrların akademik səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə təşkil edilib. Nazirlikdən deyilib ki, lisenziya almaq üçün daxil olmuş hər bir müraciət artıq əlavə vaxt itkisinə yol verilmədən sözügedən qrup tərəfindən öyrənilir. Ekspert qrupu müsbət nəticəyə gələrsə, təhsil müəssisəsinə lisenziya verilməsi barədə qərar qəbul edir. Hazırda Azərbaycanda lisenziya əsasında 52 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycandakı özəl ali məktəblərin sayı isə 15-dir.