news Image
2014.03.07
12:41
| A A A
Əli Həsənovdan dini təriqətlərlə bağlı həyəcanlı-Açıqlama
Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir. Bütün proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunan "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Din dövlətdən ayrıdır. Dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və s. sistemləri dünyəvi xarakter daşıyır. Eyni zamanda, dini etiqat azadlığı, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqat etmək, yaxud heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq və s. hüququ var: "Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açıb və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyillərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər".

Ə.Həsənov qeyd edib ki, vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirlməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri və s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa, yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meyilləri müşahidə olunmaqdadır.