1. Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 492; 2007,
№ 11, maddə 1103; 2011, № 7, maddə 645) əlavə - "İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul
edilməsi qaydası haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 2.6-1,
2.9-1, 2.9-2, 2.9-3 və 2.9-4-cü bəndlər əlavə
edilsin:
"2.6-1. Yuxarı dövlət orqanı və ya müvafiq sahədə
dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları
ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda
dəyişiklik yalnız həmin orqanlarla razılaşdırıldıqdan sonra edilə
bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası
göstərilməlidir.";
"2.9-1. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
qəbul (təsdiq) edilmək üçün göndərilən normativ hüquqi aktın
layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış hesab
olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş bu
layihəni razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına
göndərmədən qəbul (təsdiq) edir. Belə layihədə dəyişikliklər yalnız
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının razılığı ilə
edilə bilər.
2.9-2. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
münasibət bildirilməsi üçün göndərilən normativ hüquqi aktın
layihəsi aidiyyəti dövlət orqanları ilə
razılaşdırılır.
2.9-3. Normativ hüquqi aktın layihəsinə dair
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə göndərdiyi təkliflər aidiyyəti
dövlət orqanları ilə razılaşdırılmış hesab olunur. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasından daxil olmuş bu təklifləri
razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına göndərmədən
nəzərə alır.
2.9-4. Bu Əsasnamənin 2.4, 2.7, 2.8 və 2.9-cu
bəndlərinin müddəaları razılaşdırılmaq üçün yuxarı dövlət orqanına
təqdim olunan normativ hüquqi aktların layihələrinə şamil
edilmir.".
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin
edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.