news Image
2014.03.07
16:50
| A A A
Nuşirəvan Məhərrəmlidən telekanallara xəbərdarlıq

"Özəl telekanalların hamısında reklamlarla bağlı kənaraçıxmalar var və bu sahədə monitorinqlər davam etdirilir".  

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib.

 N.Məhərrəmli deyib ki, MTRŞ-ın həyata keçirdiyi tədbirlərdən sonra müsbət irəliləyişlər də müşahidə olunur, telekanallar reklam siyasətlərində müəyyən dəyişikliklər edirlər: "Telekanallar özləri də başa düşürlər ki, reklam sahəsində qayda-qanun yaratmaq lazımdır. Biz də bu işin üzərində ciddi dayanmışıq. Tədricən bu çatışmazlıqların aradan qaldırılmasını sona çatdıracağıq".

 MTRŞ sədri reklam bazarındakı durumdan da xəbərdar olduqlarını qeyd edib: "Reklam bazarında durum o qədər ürəkaçan deyil. Azərbaycanda reklam vermək istəyənlərin də sayı o qədər çox deyil. Həm də xüsusən sponsorlar sponsorluqdan daha çox reklamçılıq etmək istəyirlər. Sponsorlar istəyirlər ki, verilişlərin içərisində təkcə adları çəkilməsin, bütövlükdə məhsulları reklam olunsun. Əsas problem də budur. Əgər bu reklamdırsa, o halda adı sponsor olmasın, birbaşa reklam kimi getsin. Biz bunun üzərində işləyirik və özəl telekanallarda bu sahədə müəyyən irəliləyişlər var. Bu sahədə monitorinq başa çatandan sonra monitorinqin nəticələri müzakirə olunacaq və hansı telekanallarda ciddi pozuntular varsa, o telekanallara xəbərdarlıq ediləcək".